Qəlbimizin atəşi sevincdən alovlanır, kədərdən sönür…

0
99


…Kədər həyata marağımızı sevgimizi də öldürür. Bunun nə qədər çəkəcəyi bəlli
deyil.
Kədərin səbəbi ölüm olarkən, həyatın amansızlığına nifrət edirik, ömür
mənasızlaşır, ümidlərin boşa çıxması səbrimizi tükədir. Yaşantılar acı söhbətə çevrilir.
İmtahan vermək üçün gəldiyimiz bu dünyadan əla qiymət alan olmayacaq. Kədərlər
unudulmur, pisliklər bitmir, arzular qurtarmır, itkilər sonsuzdur. Gözəl yaşam
insanlıqdan kənar duyğular, addımlar tələb edir. Şükür ürəkdən gəlmir, inam azalır,
ömür məcburi həyat anlamına dönür…
Nə edək…Özünü öldürənlərin sayı günü-gündən artır…Özü də əsasən cavanların…
Ölümdən sonrakı dünyaya inananlar, bunun cəhənnəmi dolduracağını düşünürlər.
Mən isə ruhların hələ ki, bu dünyada dövr eləyəcəyini düşünürəm.
Sonunda nələr olacağı heç kimə bəlli deyil. Bu Allaha inamsızlıq deyil. Yeri, göyü
yaradan varlığın bizə olduğu kimi çatdırılmasını inanmamaqdır.
Ölən üçün ağlamaq olmaz deyirlər. Bəs onda, bu duyğular bizə niyə verilib?
Sonsuz duyğuların əsarəti altındayıq. Bu əsarət altında necə imtahan veririk?
Veririk, yəni yaşayırıq. Amma, bunun bir imtahan deyil yaşam şərtləri, əzablar
olduğunu da düşünürük.
Allah sevincdən də bizi məhrum etmir. Ancaq yaşa dolduqca ürəkdən gülmək
azalır. Amma, mən cavan olmaq istəmirəm.
Yaşa dolduqca həyatın zərbələrinə dözüm də artır.
Pislik və yaxşılıq da təkcə insana aid deyil.
Dünyada, yer üzündə baş verən fəlakətlərin, kainatdakı planetlərin, ulduzların
toqquşmasının səbəbi nədir bəs?
Bu da insan həyatı üçün bir təsəlli, imtahandırmı?
Bəli, bütün varlıqlar bir sistem üzərində qurulub. Yolundan çıxan hər bir varlıq
fəlakətə tuş gəlir.
Bizim kədərə boyun əyməyimiz də səhvdirmi? Bilmirəm… Onu bildirirəm ki,
həyata sevinclə-kədər, xeyirlə-şər qoşa gəlib.. İnsan varlığının içində də, çölündə də bu
mübarizənin fəsadları hökm sürür. Dərdə dözməyib ölənlər də var, kimisə öldürüb
acığından qurtulmaq istəyən də var, başqasının əmlakıına sahib olub həyatın dadını
çıxartmaq istəyən də var və boğazından kəsib kimisə doydurmaq istəyən də var…
Hər birimiz səbrimizin hesabına yaşayırıq. Ümidlərin də kəsildiyi gün həyatın
sonudur.
Bu dünyadakı özəlliklərə deyil, gözəl əməllərə sahib olmağı düşünməliyik. Gözəl
əməllərə sahib olanları da unutmamalıyıq. Sevdiyimiz insanları unutmaq da əlimizdə
deyil. Qəlbimizə hakim olanların itkisi isə bir ömür boyu ürəyimizi sızladır.
Kədərə qalib gələn günlərimiz olacaqmı? Bilmirəm…Həyatın imtahanından
qurtardığımız gün yeni imtahana düşməyək…

SƏNUBƏR