Taksilərlə bağlı mühüm yenilik: İyulun 1-dən etibarən…

0
48

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni qaydaların tətbiqindən sonra buraxılış ili 2016-dan əvvəl olan və “Avro-5” standartlarına cavab verməyən nəqliyyat vasitələrinin bu sahədə istifadəsi məhdudlaşdırılır.

Azərbaycanda taksi sahəsində fəaliyyət göstərən şirkətlərin bir çoxunda istifadə olunan maşınların əksəriyyəti yeni kriteriyalara cavab vermir. Daha ucuz və əlverişli olması baxımından taksilərin mütləq əksəriyyətini təşkil edən hibrid avtomobillər də bu kateqoriyaya daxildir.

Bəs problem necə həll ediləcək? Taksi xidmətində hansı avtomobillərdən istifadə olunacaq?

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, burada başlıca olaraq, taksi üçün nəzərdə tutulacaq avtomobilin bu sahə üzrə perspektivi nəzərə alınmalıdır:

“Son günlər taksi qiymətlərinin artacağı ilə bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu isə cəmiyyətdə olduqca ciddi narahatlıq yaradır. İli köhnə olan nəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərən sürücülərdən öz avtomobillərini yeniləmələri tövsiyyə olunur. Bu növ maşınları hansı avtomobillərin əvəz edəcəyi mövzusu hələki naməlumdur. Hər halda nəqliyyat vasitələrinin idarə olunması, bu və digər formada istifadə qaydalarının tətbiq olunması özündə müəyyən ehtivalar doğurur. Yəni nəqliyyat vasitələri ümumi olaraq istifadə olunan zaman onların perspektivliyi də nəzərə alınmalıdır. Çünki yaxın vaxtlarda nəqliyyat vasitələrinin yenilənməsi ilə bağlı qaydalar var”.

Ekspert yerli istehsal olan maşınların sayının məhdud olması səbəbindən, taksi tələbatını tam qarşılamayacağını diqqətə çatdırıb:

“Bu qaydalardan əvvəl, həmin avtomobillərin taksi fəaliyyətinə uyğun olub-olmadığı da önəmlidir. Burada tətbiq olunacaq islahatlar özü ilə bərabər taksi sahəsində bəzi yeniliklərə də səbəb ola bilər. Hazırda yerli istehsal olan kifayət qədər avtomobil yoxdur. Ona görə də yerli istehsal avtomobilləri tələb və təklifi ödəyəcək qədər sayda deyil. Ən azından hələki daxili bazarı ödəyəcək qədər deyil. Bu səbəbdən yerli istehsal olan maşınların taksidə istifadə olunacağını düşünmürəm”.