Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı

0
100

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb.
Bu sözləri Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yolasalma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib:

“2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti fəaliyyətə başlamışdı. 2023-cü ilin sentyabrına qədər fəaliyyət davam etdirildi. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmadı”.

A. Eyvazov bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən əldə olunan razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl misiyası başa çatdırıldı:

“Qərar veriləndən dərhal sonra Müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikası, şəxsi heyyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilmişdi. Hazırda bu gün iştirak etdiyimiz tədbir də sülhməramlı kontingentin misiyasının başa çatması ilə əlaqədardır. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər, generallar iştirak edəcəklər. Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın müdafiə nazirliklərinin heyəti tərəfindən konsert proqramı təqdim ediləcək”.