Putin Paşinyandan nəyin cavabını istəyir? – Moskvada çətin görüş

0
100

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir. Paşinyan Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən iclasına sədrlik edəcək, həmçinin, Putinlə görüşəcək.

Bir gün öncə Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır. Erməni baş nazir Qərblə açıq münasibətlər fonunda inaqurasiyada Putini alqışlaya bilməzdi, eyni zamanda, iqtisadi ehtiyac onu Aİİ ilə əlaqələri saxlamağa sövq edir. Paşinyan Putinin inaqurasiyasına getsəydi, bunu Qərb tərəfdaşlarına izah edə bilməzdi, bugünkü Moskva səfərinin isə izahı var: Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz.

Putin-Paşinyan görüşünün Rusiya-Ermənistan münasibətləri və bundan sonra Moskvanın İrəvana qarşı siyasətində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər:

Birincisi, Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər;
İkincisi, Ermənistanın xarici siyasət vektorunu – Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq: İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər;

Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, Putini inandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir.