Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI – AÇIQLAMA

0
67

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə sorğu ünvanladıq.

Şirkətin səlahiyyətli nümayəndəsi Oxu.Az-ın sorğusuna cavab olaraq qiymətin qalxması faktını təsdiqlədi. Onun sözlərinə görə, qiymət 10% yox, 9% qalxıb.

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır. 

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, – deyə açıqlamada qeyd olunur.