Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

0
109

Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur.

Bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına görə ölkəmiz hələ də “yüksək pillə”lərdədir.

Ən çox uşaq ölümü qeydə alınan ölkələrə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-i ölür. İkinci yerdə isə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.

Bəs, ölkəmizdə uşaq ölümlərinin sayını necə azaltmaq olar?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq statistikalara görə müxtəlif amillərin təsirindən yenidoğulmuşlar arasında ölüm hallarının olması qeyd edilə bilər:

“Doğuşayardım proqramları icra edilməyən əvvəlki dövrlərdə baş vermiş doğuşdan sonrakı ölüm hallarının sayı daha aşağı faizlə göstərilirdi. Bununla belə, hamiləliyin gedişatına daha ciddi nəzarət olunduğu, səhiyyə sisteminin maddi texniki bazasının təkmilləşdirildiyi indiki vaxtda körpə ölümlərinin sayının kəskin azalmaması xeyli narahatlıq doğurur. 

Azərbaycanda yeni doğulan körpələrin ölüm faizini aşağı salmaq üçün kifayət qədər imkanlar mövcuddur. Əvvəla onu qeyd etmək lazımdır ki, müasir gəncliyin nigahaqədərki dövrdə fizioloji və psixoemosional inkişafında bir sıra boşluqlar müşahidə olunur ki, bu da onların əksəriyyətini medikamentlərdən asılı vəziyyətə gətirir. 

Qidalanma (alimentar), təbiət (ekoloji) faktorları da onun üzərinə gəldikdə istər perinatal (bətndaxili), istərsə də (postnatal) doğuşdan sonrakı dövrdə uşağın inkişaf prosesi pozulmuş olur”.

Abbas Bağırov kliniki, immunogenetik və biokimyəvi göstəricilərin də xəstəlik əlamətləri olduğunu söyləyib:

“Hamiləlik dövründə protokol qaydalarına əsasən bir sıra müayinələrin aparılması zəruri hesab olunur. Buraya bir sıra infeksiyaların ayarlanması və qanın hamiləliyin gedişatı üçün tələb olunan bəzi təhlilləri də buna aiddir. İmmunitetin vəziyyətindən asılı olaraq keçici xarakterli bəzi immunogenetik göstəricilər pozitiv çıxa bilər. Bu halda həkimlərimizin xəstəyə daha professional yanaşmasına böyük ehtiyac yaranır. 

Rast gəldiyimiz ən çox yayılan müalicə metodu kimi plazamaferez – el arasında “qan yuma” deyilən prosedura üstünlük verilir. Hamilələr üçün əgər kritik səviyyəni ifadə edən göstəricilər müşahidə olunmursa plazmaferez aparılması ciddi fəsadlara – bətndaxili inkişaf qüsurlarına – anomaliyalara, immunosupressiv (immun statusun aşağı düşməsi) vəziyyətlərə yol aça bilir”. 

“Bu hallar dünyaya gələn körpələrin sağlamlıq və həyati durumu barədə ciddi təhdid yaradır. 
Əhali bilməlidir ki, plazamaferez zamanı dölün inkişafı üçün zəruri olan komponentlər qandan ayrılıb kənara atılır ki, bu da bətndaxili inkişaf və qidalanma problemləri yaradır.

Təkrarı plazmaferez prosedurları nəticəsində hamilə qadınların qanda zülal fraksiyaları azalır bu hal dölün funksional sistemlərinin formalaşması üçün yetərli deyil. 

Eləcə də bu, gələcəkdə dünyaya göz açacaq körpənin həyatı üçün ən başlıca təhlükələrdəndir. Göstərilən faktorlar və bir qədər də doğuşun aparılması professionallığının tənzimlənməsində irəliləyişə nail olunsa, uşaq ölümlərinin sayında ciddi azalma müşahidə oluna bilər. Həmçinin hamiləlik dövründə dərman maddələrinin istifadəsini minimuma endirmək lazımdır”, – deyə həkim bildirib.