Maaş və pensiyaların artırılması ilə bağlı açıqlama – Mayın 15-dən…

0
92

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. 

Bu barədə millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında qeyd edib.

Millət vəkili bildirib ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib:

“Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb”.

V.Bayramov qeyd edib ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür:

“Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əməkhaqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər”.

Deputatın sözlərinə görə, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər:

“Bu kontekstdən gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir”.