Azərbaycanda təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş şəxslərin yaş həddi artırıla bilər

0
129

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib.

Bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həssas təbəqədən olan şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddinin dəyişdirilməsi hələ müzakirə mövzusu deyil:

“Gələcəkdə bu məsələyə qanunvericilik səviyyəsində baxıla bilər”.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə cavabında bildirib:

“Valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23 yaşından sonra universitetə qəbul olur. Bəs onun təhsil haqqını kim ödəyəcək? Halbuki o, dövlətin uşağıdır, deməli, bundan sonra da təhsil haqqını dövlət ödəyəcək. Əslində belə uşaqların sayı elə də çox deyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması məsələsinə gəlincə, bu, müvafiq qurumlarla müzakirə olunur, danışıqlar gedir”.