Bakı sülh sazişi üçün İrəvana yeni “çıxış yolu” təqdim edir – DETALLAR

0
173

Prezidentin köməkçisi Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında bildirib ki, “Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür və hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər”.

Bunu sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi hesab etmək olar. Və Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir. Bunun üç mümkün səbəb var.

Birincisi, sərhədin delimitasiyası uzunmüddətli prosesdir və tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək;
İkincisi, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir, bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur;
Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır, hərçənd, sərhədin müəyyən edilməsi sovet xəritələrini gündəmə gətirir. Ki, bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək;

Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir, xüsusilə kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də sərhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər, lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etməlidir: Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir; əks təqdirdə, sazişin imzalanması sual altına düşür;

Burada bir mümkün variant da ola bilər: tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər – sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır; bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq;