Putinlə Rəisinin görüşü erməniləri qorxutdu: Tehran İrəvanı satacaq, Bakıya yaxınlaşacaq

0
247

Məlum olduğu kimi, İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya bir günlük səfər edib. Məqsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq olub. Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının prezidenti də Yaxın Şərqdə səfərdə olub. 

Putinlə Rəisinin görüşündə müzakirə olunan məsələlər Ermənistanda böyük narahatlıq yaradıb.

İranın “Mehr” xəbər agentliyi Rəisinin Moskvaya səfəri zaman onun gözləntilərini təqdim edib. Müvafiq olaraq, yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı ikitərəfli iqtisadi əməkdaşlığa dair məsələlər, regional və beynəlxalq gündəm, o cümlədən Fələstin-İsrail münaqişəsi, Qəzza zolağında humanitar vəziyyət, Cənubi Qafqaz regionunda vəziyyət və s.müzakirə olunub.

Rusiya mediasında vurğulanır ki, Putin-Rəisi görüşü zamanı Cənubi Qafqaz regionu ilə bağlı danışıqlar və onun kontekstində Ermənistanın qərbyönlü münasibətinə xüsusi diqqət yetirilib. Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Tehran və Moskva üçün lazımdır, amma Qərbsiz. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir.

İrəvan-Paris əməkdaşlığının dərinləşməsi, xüsusilə Ermənistan-Fransa müdafiə əlaqələrinin dərinləşməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü Tehran və Moskvanı xüsusilə narahat edir.

Təbii ki, İran İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, lakin Rusiya mətbuatında yayılan fikirlərə görə, Ermənistanın xüsusilə özü üçün qərbyönlü mövqe tutması Tehranda şübhələr yaradır. Proqnozlara görə, Ermənistan qərbyönlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran Azərbaycanla daha sıx münasibətlər quraraq regional siyasi mühiti tarazlaşdırmağa çalışacaq.