NASA-dan itmiş asteroidlə bağlı qorxunc xəbərdarlıq: Bu tarixdə Yerə çırpıla bilər

0
180

İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən asteroidin gələn il Yerlə toqquşma ehtimalı var.

2007 FT3 adlanan meteorit aşkar edildikdən bir gün sonra yoxa çıxıb. Bununla belə, alimlər meteoritin Yerə qayıdışın yolunu tapdığını təxmin edirlər. NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyən etmək üçün çalışırdı. Son tapıntılar bu asteroidin gələn il planetə düşə biləcəyini ortaya qoyub.

Müvafiq olaraq, itirilmiş meteoritin 2024-cü ilin oktyabrında Yerlə toqquşma ehtimalı təxminən 11,5 milyonda birdir. 2024-cü ilin martında Yerə çarpma ehtimalı da 10 milyonda 1 olaraq təyin edilib. Bu son dərəcə kiçik bir ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır.

Bu enerji planeti məhv edəcək qədər böyük deyil. Digər tərəfdən, onun düşdüyü bölgəyə böyük ziyan vurması və bütün Yer kürəsinə şok dalğaları göndərməsi mümkündür. Kosmik agentliklər bu günə qədər Yerə yaxın olan 30 mindən çox asteroidi sənədləşdiriblər. Hazırda həmin obyektlər müşahidə olunur.

Bununla belə, NASA və digər qurumlar əmindirlər ki, Günəşin parıltısında hələ də kəşf edilməmiş böyük asteroidlər və kometalar gizlənir. NASA tədqiqatçıları itmiş asteroidlə bağlı nə baş verdiyini hələ dəqiq bilmirlər. Onlar asteroidin planetimizlə toqquşma ehtimalına qarşı ayıq-sayıq olacaqlarını və əlamətləri axtarmağa davam edəcəklərini deyirlər.