Qondarma rejimin özünü buraxması qərarı dəyişdirilir – İrəvandan yeni OYUN

0
224

Ermənistana qaçan separatçılar arasında qarşıdurma kəskinləşir. İrəvanın siyasi meydanı artıq Paşinyan və müxalifətin yox, həm də separatçıların intriqasına şahidlik edir. Bu intriqa fonunda separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı qərarının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

B
u məsələni gündəmə gətirən separatçı Samvel Babayandır.

Babayan antiterror tədbirlərindən sonra Ermənistana qaça bilən ilk separatçıdır. O, İrəvana çatan kimi Qarabağda qalmış digər separatçıları satqınlıqda ittiham etdi. Aydın görünür ki, Babayan Ermənistanda hələ də ideya olaraq davam edən separatizmə rəhbərlik etmək, bununla siyasi və digər qazanclar əldə etmək niyyətindədir. Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və David İşxanyan qandallanaraq, Bakıya gətirilməsi Babayanın önünü açıb. O, bu separatçıları rəqib olaraq görürdü. Hərçənd, keçmiş qondarma rejimin sonuncu “başçısı” Şahramanyanın İrəvana qaça bilməsi Babayan üçün problem olaraq qalır. Bu baxımdan, o, Şahramanyanın məsuliyyətə cəlb edilməsini gündəmə gətirdi və artıq onun iddiaları üzərindən Şahramanyan və dəstəsinə cinayət işi açılıb. Babayan növbəti addım kimi Şahramanyanın qondarma rejimin özünü buraxması haqda qərarının dəyişdirilməsi tələbi ilə çıxış edir.

Şahramanyanın “qərarı” ilə qondarma rejimin buraxılması 1 yanvar 2024-cü il tarixinə qədər baş verməli idi. Lakin proses praktiki olaraq qısa müddətdə başa çatdı və qaça bilənlər Qarabağı tərk etdi. İndi Babayan iddia edir ki, bu qərarın dəyişməsi üçün qondarma “parlament” ali məhkəməyə müraciət edə bilər, amma söhbətin hansı məhkəmədən getdiyi bəlli deyil.

“Bunu Şahramanyan etməlidir, əgər bunu etmirsə, (qondarma) “prezident” vəzifəsindən kənarlaşdırılacaq və yeni idarəetmə qurum yaradılacaq. Təklif edirəm ki, yaxın günlərdə “parlament” toplansın və bunu müzakirə etsin”, – o bildirib.

Təbii ki, Ermənistanda kimlərsə keçmiş separatçı rejimi “bərpa etmək” eşqinə düşə, yaxud qondarma “dövlətçik” oyunlarını davam etdirə bilər. Lakin bunun Azərbaycana praktiki olaraq təsir imkanları sıfıra bərabərdir. Babayanın təklifinə münasibət bildirən separatçı “deputatlar” da belə düşünür. Aram Arutyunyan bildirib ki, müzakirələr keçirmək yaxud “qərarı” ləğv etmək olar, amma bunun siyasi baxımdan hansı nəticə verəcəyi sual altındadır.

Babayanın bu cəhdlərinin arxasında Nikol Paşinyanın dayandığı da istisna edilməməlidir. Paşinyan separatçılar arasında “Qarabağ klanı”na bağlı olanların hamısını neytrallaşdırmaq istəyir. Babayan da onun dəstəyi ilə bu prosesi həyata keçirir. Şahramanyana cinayət işinin açılması və onun məlum qərarının dəyişdirilməsi istəyi də qondarma “artsax” ideyasına nəzarət etmək, bu ideya üzərindən Paşinyan hakimiyyətinə qarşı yarana biləcək təhlükələri aradan qaldırmaq məqsədi daşıya bilər.