Xaricdəki nüfuzlu elm adamları Azərbaycanın ali təhsil ocaqlarına gətiriləcək? – AÇIQLAMA

0
219

Xaricdə yaşayan və fəaliyyət göstərən nüfuzlu elm adamlarının Azərbaycanın ali təhsil ocaqlarına gətirilməsi layihəsi nəzərdə tutulur.

Bu fikirləri açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

“Bildiyiniz kimi, xaricdə yaşayan çoxsaylı soydaşımız elmlə məşğuldurlar. Onların çox böyük nailiyyətləri var. Biz beş il əvvəl xaricdəki elm xadimlərimizlə bağlı məlumat bazası yaratmışdıq. Onların fəaliyyət istiqamətlərini əhatə edən bu bazada xaricdəki alimlərimizlə bağlı biblioqrafiya səviyyəsində veb-sayt yaradıldı və bütün bu alimlər haqqında məlumatlar ora daxil edildi. Bunun davamı olaraq hər il dünyanın müxtəlif ölkələrində bu alimlərlə kiçik qruplarda görüşlər keçirildi”, – F.Muradov söyləyib.

Komitə sədri elm xadimlərimizin yaşadıqları ölkələrdə, fəaliyyət göstərdikləri universitetlərdə alim olaraq öz mövqelərini ifadə etməsinə toxunub:

“Bu alimlərin dəstəyi ilə çoxlu sayda insan Şuşaya gəldi və bu proses davam etdi. Builki Şuşa Qurultayındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi olaraq xaricdə yaşayan alimlərlə bağlı tapşırıq və tövsiyələri bu prosesi sürətləndirdi”.

F.Muradov xaricdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlıların ölkə iqtisadiyyatının, elminin, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artırılmasına dəstək olduğunu da diqqətə çatdırıb:

“Bu qurultaydan sonra biz ilk görüşü keçirdik. Kanada və Almaniyada yaşayan alimlərimiz bu işə hazır olduqlarını bildirdilər. Qarşıdan gələn il üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə böyük bir platforma yaradılması üzərində işləyirik. Komitə olaraq biz bu prosesə dəstək verəcəyik. Lakin alimlər gələn il hansı bölmələr üzrə fəaliyyət göstərəcəklərini özləri müəyyənləşdirməlidirlər. Bunun üçün də gənc alimlərə, tələbələrə dəstək göstərilir”.

Dünya azərbaycanlılarının elm xadimlərinin görüşünün İstanbulda keçirilməsindən danışarkən Komitə sədri qeyd edib ki, bu, Azərbaycan və Türkiyə arasındakı sıx əməkdaşlığın nümunəsidir:

“Türkiyədə çox böyük ali təhsil ocaqları, universitetlər var ki, orada da azərbaycanlılar fəaliyyət göstərir”.