Putin və Bayden geri çəkildi, Ərdoğan hücum əmri verdi – Əməliyyatın hədəfi

0
176

Türkiyə ordusunun Suriya və İraqın şimalında PKK terrorçularına qarşı hava əməliyyatı davam edir.

Ə
məliyyat zamanı PKK-nın Suriya qanadı PYD-nin əsas mərkəzlərindən biri olan Ayn əl Ərəbə (Kobani) də ilk dəfə zərbələr endirilib. İlkin açıqlamalara görə, yüzə yaxın terrorçu məhv edilib, mövqeləri dağıdılıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu əməliyyatın anonsunu uzun müddətdir verirdi. İstanbulda Suriyadan göndərilən terrorçunun törətdiyi terror aktından sonra əməliyyatın legitimliyi daha da gücləndi.

Burada əsas diqqətçəkən məqam Rusiya və ABŞ-ın Türkiyə qarşısında səssiz qalmasıdır:

– Moskva hazırki geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur;

– Vaşinqton Rusiya ilə qarşıdurmada Ankaranın, tərəzinin Moskva gözünə ağırlıq verməsini istəmirlər, o cümldən, NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılıdır;

Bu siyasi şərtlər Türkiyənin terrora qarşı mübarizəsini genişləndirmək imkanı verir. Suriya hava məkanında əsas nəzarətçi olan Rusiyanın, hava məkanını Türkiyə hava qüvvələrinə açması da bu kontekstdə təsadüfi deyil.

Birinci mərhələnin – hava əməliyyatının ardınca, Suriyada quru əməliyyatının başlanacağı ehtimalı da var, xüsusilə Türkiyənin sərhədə yaxın ərazilərində mülki insanların öldürülməsi ilə nəticələnən raket hücumları bu zərurəti gücləndirə bilər.

Türkiyənin əsas hədəfi həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün cənub sərhədlərində 30 kilometrlik təhlükəsiz bölgənin yaradılmasıdır.