Zəngəzur dəhlizi açılmasa, bu addımı atacağıq!

0
196

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, ABŞ Dövlət katibi Entoni Bilinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşünün nəticəsini necə qiymətləndirərdiniz?

– Bu cür görüşlər münaqişənin həllinə yox, Azərbaycana ümidlər verməklə yeni toqquşmaların qarşısının alınmasına hesablanıb. Baxın, bu gün Ermənistanda hökumət ona görə ittiham olunur ki, o, 2018-ci ildən başlayaraq “Qarabağ Ermənistandır, nöqtə”, yaxud “Artsax” Azərbaycanla danışıqlarda birbaşa iştirak etməlidir” deməklə, radikal və maksimalist mövqe ortaya qoyub və danışıqların davam etdirilməsini mümkünsüz hala gətirməklə müharibəni qaçılmaz edib. Hazırda Paşinyan düşünür ki, səhvlərindən və tənqidlərdən nəticə çıxarıb. Amma anlamır ki, Azərbaycan buna imkan verməyəcək.

– Sülh sazişi imzalanmadan Azərbaycanın delimitasiya və demarkasiya işlərinə başlamasını düzgün sayırsınızmı?

– Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişi imzalanmalı, sonra delimitasiya və demarkasiya işlərinə başlanılmalıdır. Hazırda bu işlər paralel aparılır, düşünürəm ki, bu, bizim sülhə nail olmağımız üçün danışıqlardakı daha konstruktiv mövqeyimizlə bağlıdır. Amma ermənipərəst vasitəçilər nəzərə almırlar ki, sülh olmadan necə düşmən dövlətlə əməkdaşlıq etmək, delimitasiya işlərini həyata keçirmək olar? Müstəqilliyimizdən 31 ildən artıq vaxt keçir, biz hələ də bəzi qonşularımızla sərhədlərin delimitasiyası məsələlərini tam həll edə bilməmişik. Onlar sülh istəmirlər. Sərhədləri delimitasiya etməklə Ermənistanın təhlükəsizliyini təmin etmək, münaqişəni dondurmaq, özləri üçün əlverişli məqamda sərhəddə təxribatlar təşkil etməklə KTMT-ni münaqişəyə cəlb etmək imkanı əldə etməyi hədəfləyirlər.

– Qarabağda mövcud status-kvonun qorunub saxlanılması və “status” məsələsinin gələcək nəsillərə saxlanılması təklifinə münasibətiniz necədir?

– Əslində, bu, dünyada zorakılığın stimullaşdırılması və siyasi iradənin hərbi güc tətbiq etməklə qəbul etdirilməsi deməkdir. Ermənistan hərbi güc tətbiq etməklə Qarabağda və Qarabağı əhatə edən 7 rayonda etnik təmizləmə aparıb, Xocalıda genosid cinayəti törədib, həmin əraziləri Azərbaycan dövlətinin yurisdiksiyasından, nəzarətindən çıxardaraq “artsax” adında qondarma “dövlət” yaradıb. İndi Azərbaycandan tələb olunur ki, Qarabağ ermənilərinə status verilməsi məsələsi qeyri-müəyyən müddətə təxirə salınsın və Azərbaycan işğalçı Ermənistanın yaratdığı qondarma “artsax dövləti”ni de-fakto tanısın, onunla əməkdaşlıq etsin. Onu da qeyd edim ki, 10 noyabr 2020-ci il sazişində qondarma rejimin tanınması və status məsələsi barədə bir söz belə yoxdur. Ermənistanla sülh sazişinə dair təkliflər beynəlxalq hüquq və 10 noyabr sazişi əsasında hazırlanmalıdır. Həmin müqaviləyə görə, Ermənistan hərbi hissələrini Qarabağdan dərhal çıxarmalı, kommunikasiyalar açılmalı idi. Yəni Ermənistanın Azərbaycana təcavüzünün, işğalın nəticələri aradan qaldırılmalıydı. Bu həm də Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyinin bərpası deməkdir. Biz vasitəçilər və Ermənistan qarşısında ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasını, vurulmuş zərərə görə kompensasiya (təzminat – reparasiya) tələb etməliyik. Azərbaycan 5 bənddən ibarət sülh təkliflərinə bunu da əlavə etməlidir.

– Ermənistan 10 noyabr sazişini icra etməsə, nə etməliyik?

– Prezident Şuşada birmənalı şəkildə bəyan etdi ki, Ermənistan 10 noyabr sazişini icra etməsə, Azərbaycan qəti addımlar atacaq. Bu o deməkdir ki, Ermənistan öz qoşunlarını Azərbaycandan tezliklə, könüllü olaraq çıxarmasa, biz bunu güc tətbiq etməklə edəcəyik. Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa, vaxtilə Ermənistanla Azərbaycan arasında mövcud olmuş kommunikasiyalar açılmayacaq, Laçın dəhlizi bağlanacaq. Sülh sazişi imzalanmasa, Ermənistanla diplomatik əlaqələr, gediş-gəliş, əməkdaşlıq da olmayacaq. O zaman Qarabağdakı erməni sakinlər istəsələr, Ermənistana Gürcüstan üzərindən gedə bilərlər. Biz Naxçıvana İran üzərindən getdiyimiz kimi…