İranın Ermənistana verdiyi dəstək sülhə, sabitliyə deyil, qarşıdurmaya, bölücülüyə xidmət edir

0
219

Hazırda regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Ermənistana səfəri müddətində səsləndirdiyi fikirlər cənub qonşumuzun rəsmi İrəvana birmənalı dəstəyinin aydın ifadəsi kimi qəbul edilməlidir. İranın xarici işlər naziri bəyan etdi ki, Ermənistanın təhlükəsizliyi regionun təhlükəsizliyidir. Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlayan, bu gün də özünün təcavüzkar niyyətlərindən tam imtina etməyərək sülh prosesini “tormozlayan” Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi kimi bəyan etmək üçün, görünür, İran dövləti kimi xüsusi “ədalət hissi”nə malik olmaq lazımdır. Həmçinin H.Abdullahian bildirdi ki, İran regionda geosiyasi sərhədlərin dəyişdirilməsinə razı olmayacaq. Bunu o dövlətin rəsmisi deyir ki, 30 ilə yaxın dövr ərzində “din qardaşı” Azərbaycanın sərhədlərinin bir qisminin Ermənistan tərəfindən işğal edilməsinə və sərhəd dəyişikliyinə ən azı səssiz yanaşıb. Hətta nəinki səssiz, bir çox hallarda zəbt olunmuş sərhəd zolağı vasitəsilə qondarma, cinayətkar rejimlə, o cümlədən də Ermənistanla yaxından əməkdaşlıq edib.Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli qeyd edib.Ekspert bildirib ki, Azərbaycanla İran təxminən 750 kilometr sərhədə malikdir. Bu sərhəd zolağının 132 kilometri 27 il (1993 – 2020) ərzində Ermənistanın işğalı altında olub. Bu gün Azərbaycan dövlətinin regionda sərhədləri dəyişdirmək kimi planları yoxdur və İranın Zəngəzur dəhlizinin açılmasını sərhədləri dəyişdirmək cəhdi kimi təqdim etməsi rəsmi Tehranın xoş olmayan niyyətindən, qərəzindən xəbər verir. H.Abdullahianın Ermənistan səfərindən həm də o məlum oldu ki, İran düşmən ölkə ilə iqtisadi–ticari sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Belə ki, İran XİN rəhbərinin erməni həmkarı ilə birgə mətbuata verdiyi açıqlamalarda iki ölkə arasında ticarət dövriyyəsini 700 milyondan 1 milyard dollar səviyyəsinə qaldırmaq niyyətində olduqlarını qeyd ediblər. Səfər müddətində H.Abdullahianın üç gün ərzində Nikol Paşinyan tərəfindən qəbul ediləcəyini gözləməsini həm də İran diplomatiyasının hansı səviyyəyə düşməsinin göstəricisi kimi qəbul etmək olar. Hər zaman zəngin dövlətçilik tarixlərindən, ənənələrindən danışmağı xoşlayan İran siyasi elitasının nümayəndəsi özünə qarşı belə davranışı rəva görməməli idi. H.Abdullahianın Qafanda İran konsulluğunun açılışında iştirakını səfərin ən tragikomik hadisələrindən saymaq olar. Qeyd edək ki, İrandan başqa heç bir dövlətin bu kiçik şəhərdə konsulluğu yoxdur. Həmçinin Tehranın bu bölgədə konsulluq açmasını onun qızışdırıcı, Azərbaycana, Türkiyəyə qarşı olan geostrateji maraqları ilə əlaqələndirmək olar.M.Məmmədlinin fikrincə, İranın xarici işlər nazirinin Ermənistana səfərinin nəticələri ilə bağlı o qənaətə gəlmək olar ki, rəsmi Tehran Ermənistanla yalnız siyasi–diplomatik, təhlükəsizlik sahələrində deyil, həm də iqtisadi–logistik sahədə də əlaqələrini genişləndirmək niyyətindədir. Təəssüf ki, İranın bu niyyəti regionda sülhə, sabitliyə deyil, əksinə, qarşıdurmaya, bölücülüyə xidmət edir. Özünü “İslam respublikası” elan edən dövlətin dindən, haqdan, ədalətdən uzaq siyasəti xüsusilə ikrah doğurur. Məhz bu səbəbdən də İranın son davranışları haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır.