Əfqanıstan veteranının torpaq sahəsi əlindən alınıb

0
868

 Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvü İsmayıl Qarayev ona məxsus torpaq sahəsinin qanunsuz zəbt olunması şikayəti ilə İctimai Nəzarət Koalisiyasına müraciət etmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin 14.12.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Veteranlar İttifaqının üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə 66 sot torpaq sahəsi ayrılmışdır.

Həmin torpağın 6,5 sot sahəsi 2004-cü ildən Birliyin üzvü Qarayev İsmayıl Nurəddin oğlunun istifadəsindədir.

Bu ilin iyul ayının 7-dən İ.Qarayevin istifadəsində olan ərazi “Lyuks” MTK tərəfindən zəbt olunmuşdur.

İ.Qarayevin bildirdiyinə görə, bununla bağlı Birliyin İdarə Heyətinin sədri Məhəmməd Vəliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.

Eyni zamanda İ.Qarayev də Nizami Rayon Məhkəməsinə və ölkə prezidentinə, ona məxsus ərazidə “Lyuks” MTK-nin qanunsuz tikinti işlərinin dayandırılması ilə bağlı müraciətlər etmişdir.

İctimai Nəzarət Koalisiyası İsmayıl Qarayevin hüquqlarının müdafiəsi olunması, “Lyuks” MTK-nin rəhbər nümayəndəsi Almaz İsgəndərovanın veterana qarşı qanunsuz addımlarının araşdırılması və hüquqi həllini tapmasını öz nəzarətinə götürmüşdür.

 

ictimaixeber.az