Ekspert: “Hökumət evlərin istiliyədavamlılığını artırsa, elektrik enerjisinə qənaət etmiş olacaq” – FOTO

0
236

Ekspert hesab edir ki, elektrik enerjisi ixracımızı 2 milyard kilovat/saat-a qədər artıra bilərik. Azərbaycan elektrik enerjisinin ixracını bu həcmdə artırmaqla, 100 milyon dollara qədər gəlir əldə edə bilər ki, bu da çox yaxşı qazancdır. 

Cənubi Qafqaz bölgəsində elektrik enerjisi idxalçısından ixracatçısına çevrilən ölkə Azərbaycan olub. Ötən dövr ərzində inşa edilən istilik, su elektrik stansiyaları və o cümlədən mövcud infrastrukturun yenilənməsi nəticəsində Azərbaycan ölkə daxilində tələbatı tam ödəməklə yanaşı, həm də Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisinin ixracına nail olub. 
Ötən həftə Prezident İlham Əliyev verdiyi müsahibəsində bu məsələyə toxunaraq deyib ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Dövlət başçısı vurğulayıb ki, bizim neft, qaz, elektrik enerjisi ixracatımız bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edir. Prezident İlham Əliyev qeyd edib ki, biz indi yeni bir layihə üzərində işləyirik: “Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi planlarımızdadır”. 

“Rəqəmlər göstərir ki, potensial böyükdür”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycanın elektrik enerjisi istehsalı son illər kəskin şəkildə artmaqdadır: “Nəzərə alaq ki, 2021-ci ildə ölkədə 27,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu da əvvəlki illərlə müqayisədə 2,5 milyard kilovat/saat çoxdur. Eyni zamanda, Azərbaycan ötən il 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib. Yəni rəqəmlər göstərir ki, potensial böyükdür və növbəti dövrlərdə də bu potensialın artırılması imkanları var. Ona görə də, potensialın reallaşması Azərbaycanın elektrik enerjisi istehsalını gücləndirməsinə və ixrac imkanlarının artmasına səbəb olacaq. Xüsusilə də, nəzərə alsaq ki, yalnız ənənəvi deyil, eyni zamanda bərpa olunan alternativ enerji mənbələrindən də istifadə olunacaq. Bu da, təbii ki, Azərbaycan üçün elektrik enerjisinin istehsalını artırmaq və daha çox ixrac baxımından yeni imkanlar deməkdir”.

“2022-ci ildə Azərbaycan tərəfindən…”

V.Bayramov qeyd etdi ki, növbəti dövrlərdə həm istehsalın, həm ixracın artması gözlənilir: “Gözlənilir ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə qonşu ölkələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasına elektrik enerjisinin nəqlini həyata keçirə biləcək. Bu isə təbii ki, elektrik enerjisi ixracatından ölkəyə valyuta daxil olmasının artmasına imkan verəcək. Bu baxımdan, növbəti illərdə, o cümlədən 2022-ci ildə Azərbaycan tərəfindən daha çox elektrik enerjisinin ixrac ediləcəyi gözlənilir”.      

“Bu, mübadilə əsasında olan ixracdır”

Energetika məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, ölkənin elektrik enerji ixracı imkanları istehlak edilən elektrik enerjisinin artığından asılıdır: “Digər bir məsələ də var. Deməli, biz 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik, amma həm də idxal da etmişik. Bununla bağlı Dövlət Gömrük Komitəsinin 2021-ci illə bağlı hesabatında qeyd var. İdxalı çıxsaq, bizim elektrik enerji ixracı, haradasa 1,2-1,3 milyard kilovat/saatdır. Eyni zamanda onu qeyd edim ki, bu, qonşu ölkələr – Türkiyə, Rusiya, Gürcüstan və İranla edilən mübadilə əsasında olan ixracdır. Yəni biz heç bir ölkə ilə kommersiya müqaviləsi əsasında satış həyata keçirməmişik. Faktiki olaraq, neft və qaz satışı kimi elektrik enerjisinin satışı yoxdur. Bu olsa idi, tam başqa cür olardı və Azərbaycan elektrik enerjisi ixracatçısı kimi bazarda öz sözünü deyərdi”.

“Qazı elektrik enerjisinə çevirib satmaq…”

Ekspert qeyd etdi ki, qazı xam şəkildə satmaqdansa, onu elektrik enerjisinə çevirib satmaq ən azından 5 dəfə artıq xeyirlidir: “Yəni Gömrük Komitəsinin açıqladığı rəqəmlər əsasında götürsək, elektrik enerjisinin gəlirliliyi müvafiq olaraq qazın ixracından gələn gəlirdən 5 dəfə çoxdur. İndiki halda hökumət hansı istiqamətdə addım atmalıdır? Onu qeyd edim ki, elektrik enerjisi üçün hər il 5 milyard kubmetrdən artıq qazı elektrik stansiyalarında yandırırıq. İstilik elektrik stansiyalarından eyni həcmli elektrik enerjisi almaq üçün daha az qaz yandırmaq yolunu tutsaq, yaxşı olar. Yəni o istilik elektrik stansiyalarının faydalı iş əmsalını artırmalıyıq. Digər tərəfdən, bizdə elektrik enerjisi ən çox evlərin isidilməsi, işıqlandırma üçün istifadə olunur. Elektrik enerjisi harada istilik üçün istifadə olunursa, biz onu qazla əvəz etməliyik. Yəni bununla izafi xərclərin qarşısını ala bilərik”. 

“100 milyon dollar gəlir əldə edilə bilər”

İ.Şabanın sözlərinə görə, elektrik enerjisindən və qazdan səmərəli istifadəni artırmaq üçün evlərin, binaların istiliyədavamlılığını artıra bilərik: “Hesab edirəm ki, dövlət buna da baxmalıdır. Dağ rayonlarında insanlar, təxminən 100-150 manat istilik üçün vəsait xərcləyirlər. Hökumət dövlət proqramı hazırlayıb belə evlərin istiliyədavamlılığını artırsa, daha çox elektrik enerjisinə qənaət etmiş olacaq. Tutaq ki, bu layihəyə 100-200 milyon dollar vəsait xərcləyəcək, ancaq 3 ildən sonra həm xərclənmiş vəsait geri qayıdar, həm də ölkə enerjinin istifadəsindən iki dəfə çox qazana bilər.

Onu qeyd edim ki, İranın şimal hissəsində qış aylarında elektrik enerjisinə tələbat olur. Bax İran elektrik enerjisi ixrac edə biləcəyimiz potensial ölkədir. Hazırda Gürcüstan və İrana elektrik enerjisi ixrac edilir. Amma eyni zamanda bu yöndə də işimizi apara bilərik. Bütün bunları qeyd edərək deyə bilərəm ki, elektrik enerjisi ixracımızı 2 milyard kilovat/saat-a qədər artıra bilərik. Azərbaycan elektrik enerjisinin ixracını bu həcmdə artırmaqla 100 milyon dollara qədər gəlir əldə edə bilər ki, bu da çox yaxşı qazancdır”.