Qəni Camalzadənin tarixi və müasir mövzuda yazdığı iki bədii roman

0
269
Tanınmış yazıçı-publisist Qəni Camalzadənin tarixi və müasir mövzuda yazdığı iki bədii roman ətrafında kulturoloji gəzişmələr

Ədəbiyyatşünaslığımızda və filoloji düşüncəmizdə Azərbaycan romanının ilkinliyini nə qədər qədimlərə aparıb çıxarmaq istəsələr də, kulturoloji-estetik tarix qarşımızda adlamalı çətin sədlər çəkir. Fars dillində əlyazması bizə çatmış “Munisnamə” kitabını ilk irihəcmli bədii nəsr nümunəsi kimi götürsək belə, yaxud, dahi Azərbaycan mütəfəkkiri Nizamin Gəncəvinin yenə də farsca yazdığı “Xəmsə”sindəki üç məsnəvisini – “Yeddi gözəl”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, həmçinin, “İskəndərnamə” dilogiyasını, yaxud tutalım, nəhəng Məhəmməd Füzulinin “Hədiqətüs-süəda (Xoşbəxtlər baxçası?)” mənzum roman təsnifatına daxil etsək də, bu əsərləri ayrıca bir ədəbi janr nümunəsi, avropatipli bədii roman saya bilmirik. Biz hələ epos, qəhrəmanlıq və məhəbbət dastanlarını xalq romanı hesab edən tədqiqatçılardan sitatlar gətirib yazımızın əsas motivlərindən kənara çıxmaq istəmirik…

Bədii roman Avropada epik növün orta əsrlərdə inkişaf etmiş janrı sayılsa da, əslində qədim Şərq, Hindistan, Çin, İran və Azərbaycanda geniş yayılmış ədəbi-bədii forma sayılır. Fəqət, filoloji anlayışa çavab verən yeni tipli modern roman öz tarixçəsini Servantesin cəngavər romanlarına qarşı bir etiraz, ironik münasibət sərgiləyərək qələmə aldığı dünyaca tanınan məşhur “Don Kixot” əsəri ilə başlayır. Avropa, daha sonra Qərb və dünya ədəbiyyatının mükəmməl bədii nəsr nümunəsi hesab olunan yenitipli romanlar tezliklə Azərbaycan ədəbiyyatının hər iki qolunda – şimallı-cənublı söz sənətimizdə də yazılmağa, sevilə-sevilə oxunmağa başlanıdı. Alimlərin hələ də mübahisələrə səbəb olan çoxsaylı mülahizələrinə hörmətlə yanaşaq da, povestlə romanın qarışığı sayıla bilən “Aldanmış kəvakib”, “Kitab yüklü eşşək”, “Neft və milyonlar səltənətində”, “İbrahimbəyin səyahətnaməsi”, “Bahadır və Sona”, “Danabaş kəndinin əhvalatları” kimi irihəcmli bədii nəsr nümunələri ilkin avropatipli Azərbaycan bədii romanları kimi qəbul edə bilərik.

Sabiq sovetlər dövründə – XX əsrdə bədii roman milli ədəbiyyat tariximizdə özünün intibah dövrünü yaşadı və kifayət qədər uğurlu nümunələri ilə yadda qaldı. Rəngarəng mövzu, cürbəcür həcmdə, janrın tipoloji çalarları ilə birlikdə roman həm də Azərbaycan bədii-estetik düşüncəsinin inkişafına səbəb oldu. Eyni zamanda roman sənəti ədəbi dilinin müxtəlif qatlarının zənginləşməsinə, ana dilimizin leksik-üslubi genişliyinə aparıb çıxardı. Ümumiyyətlə, humanitar fikridə, ədəbiyyatşünaslıqda roman söz sənətinin ən mükəmməl janrı, ədəbi istedadın son həddi, bədii-estetik düşüncənin dünyanın sözdə ifadəsi, kreativ model forması kimi qəbul edilir.

Çağdaş romanları dəyərləndirərkən, yazıçının ustalığı məhz yeni model ortaya qoyması, üslubi gəzişmələr, mövzu orijinallığı, özünəməxsus yanaşma tərzi, irihəcmliliyi ilə yanaşı, baş və köməkçi qəhrəmanların çoxluğu, hadisələrin genişliyi kimi məsələlərə də xüsusi önəm verilir.

Son illərdəki roman adı ilə oxuculara sırınan yeni əsərlərin, xüsusən az qala hər ay yeni kitab çap edərək yazdıqlarını roman, modern və postmodern əsər markası ilə utanmadan ədəbi ictimaiyyətə çatdırmağa çalışanların bolluğunda hansısa irihəcmli bədii nəsr nümunəsi barədə yazmağa tədqiqatçılar – ədəbiyyatşünaslar və ədəbi tənqidçilər ehtiyat edirlər. Gənclər və yaşları, az qala, Dədəmiz Qorqud ömrünə çatmış “yeni nəsil nümayəndələri” tənqidi fikrə, yazıya qarşı tez-tez şivən qopardıqlarına görə, elmi-filoloji standartlar, ədəbi dəyərlər aşınmaya uğrayır.

Belə bir roman bolluğu və “romanist”lər dövrü xüsusi kreativ yanaşmalar tələb edir ki, milli roman janrının bir çox istiqaməti haqqında filoloji əhəmiyyət tələb edən mülahizələrlə çıxış etmək mümkün olsun.

***

Vaxtilə satirik hekayələr yazan, müxtəlif səpkili, kiçikhəcmli bədii nəsr nümunələrindən ibarət kitabları nəşr olunan tanınmış yazıçı-publisist Qəni Camalzadə yaradıcılığının yeni mərhələsinə adlamağı ilə roman janrına müraciət etməsi üst-üstə düşdü. Məhsuldar müəllifin “Qızıl xotuğ” adlı ilk romanı 2007-ci ildə ayrıca kitab şəklində nəşr edilib: sonralar əsər ruscaya çevrilərək “Zolotoy oslenok” başlığı ilə həm ədəbi jurnalda, həm də ayrıca nəşr kimi dərc olunub. İllər keçəndən sonra, Qəni Camalzadə “ədəbiyyatın dəbdən düşdüyü” 2015-ci ildə, indi şərti olaraq, “sosial-bədi nəsr”, yaxud “sosial-bədii roman” deyə təsnifatlamağa çalışdığımız “Karxana” adlı irihəcmli bədii nəsr nümunəsi ilə çağdaş ədəbi prosesdə özünəməxsus estetik mövqeyini ortaya qoydu.

Romanın jurnal variantına yazdığı ön sözdə istedadlı yazıçı Məmməd Oruc deyir: “Ən səmimi duyğularımla qeyd etmək istəyirəm ki, bu roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri olmayan əsərlərdəndir.” Bu fikirləri milli üslubda əsərləri ilə çağdaş ədəbi prosesdə fəallığı ilə seçilən yazıçı-publisit Qəni Camalzadənin yaradıcılığına verilən dəqiq qiymət kimi dəyərləndirmək mümkündür.

Satirik üslubda qələmə alınan ilk irihəcmli əsərinə rəğmən, daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan, XX əsr Bakı və ətraf kəndlərin ədəbi ensiklopediyasına çevrilən “Karxana” əsəri həm roman janrının tələbləri, həm də mükəmməl qələmə alınması baxımından tanındı, rus, ingilis və başqa dillərə tərcümə olunaraq ölkəmizdə, ABŞ-da nəşr olundu, İnternet resurslarında elektron varianda yayımlandı.

I Qarabağ müharibəsinin qazisi olan Hacı Qəni Camalzadə pandemiya dövründə də məhsuldar fəaliyyətindən geri qalmadı, yeni-yeni hekayələri, publisitik yazıları, ABŞ-da rus və ingiliscə nəşr olunan kitabları, eləcə də müxtəlif televiziya kanallarında, sosial şəbəkələrdə, media orqanlarında ziyalı mövqeyini ortaya qoymaqla, XXI əsrdə də klassik Şərq – Azərbaycan ədəbi-humanitar ənənələrə üstünlük verən əsl düşüncə adamı, yazıçı obrazını qoruyan, yaşadan yaradıcı intellektuallarımızdandır.

Roman yaradıcılığına gec başlasa da, yazıçı milli romançılığın zahiri tərəflərini, estetik-poetik mahiyyətinə ciddi yanaşır. Roman ədəbi, estetik, tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə, əsərin əsas surətləri zəmanənin “qəhrəmanı”na oxşamırsa, belə irihəcmli bədii nümunələri klassik, yaxud modern roman adlandırmaq bir qədər çətin məsələdir. Necə gəldi yazılaraq öz hesabına çap edilən əsərləri modern, postmodern yarımbaşlıq altında çapdan buraxılsa belə, gənc oxucuları aldatmaq mümkünsə də, peşəkar ədəbiyyatçıları çaşdırmaq olmaz.

Bu baxımdan Qəni Camalzadənin son iki ildə qələmə alaraq kitab şəklində ədəbi ictimaiyyətin müzakirəsinə verdiyi “Kiaksarın axırıncı savaşı” (2021) və “Şeytana daş atanlar” (2022) adlı yeni irihəcmli bədii nəsr əsərlərini sadalanan ciddi estetik-filoloji kriteriyalara cavab verən ənənəvi – klassik romanlara aid etmək mümkündür.

Ötən il ədəbi ictimaiyyətin iştirakıyla Bakıda, Lerikdə, Abşeronda, TV kanallarında ictimai-mədəni təqdimatı keçirilən “Kiaksarın axırıncı savaşı” əsərini milli tarixi roman janrının ən son uğurlu nümunələrindən saymaq olar.

“Kiaksarın axırıncı savaşı” müəllifin sayca on ikinci kitabıdır: əvvəlki əsərlərindən, “Qızıl xotux” və “Karxana” romanlarından fərqli olaraq, müəllif bu dəfə tariximizin qədim – əzəmətli bir mərhələsinə, Midiya dövrünə müraciət edib. Tarixi romanda hadisələr qədim Azərbaycanda baş verir: qırx il hakimiyyətdə olmuş şahənşah Kiaksarın parlaq surəti, sərkərdə məharəti qələmə alınıb. Yazıçı tarixi hadisələri olduğu kimi təsvir etməkdən yayınaraq, Kiaksarın simasında qədim tariximizin unudulmuş səhifələrinə işıq   salır, bu parlaq sərkərdənin dövlətçilik ənənəlimizi özündə gizləyən qələbələrindən bəhs edir, onun döyüş taktikası barəsində çağdaş oxucuların diqqətini cəlb edə biləcək formada məlumatlar verir.

Romanın bir özəlliyi də o dövrün ictimai-siyasi, dini-mənəvi, tarixi-sosial proseslərinə müəllifin yönəltdiyi ədəbi-ictimai baxışlarıdır. Əsərdə qədim Azərbaycanımızda – Midiyadakı hakim dini-dövlətçilik ideologiyasına çevrilən atəşpərəstlik haqqında əhatəli məlumat verilir. Oxunaqlı dildə, orijinal üslubda qələmə alınan bu irihəcmli bədii nəsr nümunəsində başqa bir tarixi obrazın – taxt-tacın vəlihədi, məmləkətin gələcək hökmdarı Astiaqın da dolğun surətin təsviri verilir. Midiya səltənəti məhz onun bacarıqsızlığı sayəsində süquta uğrayacağı haqqında kədərli hissələr romanın ən təsirli parçaları hesab oluna bilər.

Yazıçı Azərbaycanımızın qədim və əzəmətli bir dövrünü – Midiya imperiyasının yüksəliş illərini qələmə alarkən, tarixdə görkəmli şəxsiyyətin roluna xüsusi diqqət ayırır. Qırx il hökmranlıq eləmiş Kiaksar ömrünün sonunda, e.ə. 486-cı ildə Skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına son qoyub. Kiaksarın qoşunları skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən (Dərbənd) şimala, gəldikləri yerə qovmuşdur. Romanda şahənşah Kiaksarın parlaq surəti incə boyalarla təsvir edilmiş, onun döyüş taktikası, qələbələri barədə tarixi qaynaqlar əsasında əhatəli məlumat verilmişdir.

Yazıçı oxunaqlı əsərin nəşri ilə əlaqədar yazdığı qeydlərində vurğuladığı kimi, roman çoxdan hazır olsa da, çapına qərar verə bilməyib. Torpaqlarımızın hələ də erməni işğalı altında olması faktı müəllifi həvəsdən salsa da, nəhayət, 2020-ci ildəki möhtəşəm Qarabağ zəfərimiz bu mənəvi baryeri aradan qaldırdı. Yazıçı, xüsusi olaraq bildiri ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə şahənşah Kiaksar kimi rəftar edərək, 44 gündə otuz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu, əzəmətli tariximiz təkrar olundu.

Sərkərdə Kiaksar süvari qoşun növünün yaradıcısı, qalib kimi tarixdə qalmışdısa, Prezident və Ali Baş Komandan İlham Əliyev həm II Qarabağ müharibəsini böyük Zəfərlə sona çatdırdı, həm informasiya savaşında düşmənə qalib gəldi, həm də Azərbaycanı XXI əsrdə qalib dövlət kimi dünyada tanıtdırdı…

***

Yeni əsərlərindən də göründüyü kimi, Qəni Camalzadə mövzu seçməkdə çətinlik çəkmir. Yazıçı sabiq sovet düşüncəsinin Azərbaycan romançılığına vurduğu möhürləri qırmağa, ədəbiyyata təzəlik gətirməyə çalışır. Hələ də köhnə təbliğatın, yanlış yolun yolçuları olan bir çox yazıçı özünə zəhmət vermədən, əvvəlki qaydada yazıb-yaratdığı, hətta, yazdıqlarının lazımsızlığını dərk eləmədiyi vaxtda, Qəni Camalzadənin bir romanında hadisələr uzaq dağ kəndimizdə, o birində isə iri meqapolisə çevrilmiş Bakıda, yenisində isə iki min beş yüz il bundan əvvəlki Midiya imperiyasında, sonuncusu isə çağdaş dövrümüzdə cərəyan edir. Yazıçının tapdanmış mövzulardan qaçması, daim axtarışda olması göz önündədi ki, bu da çağdaş romançılıqda qəbul edilən estetik ənənlərdən xəbər verir.

***

Qəni Camalzadə Bakıətrafı kəndlərin birində böyüyüb, dindar ailənin övladı olaraq inanclı şəxs kimi ictimaiyyət arasında yaxşı tanınır. Vaxtilə Həcc ziyarətinə gedərək hacı tituluna sahib olan yazıçı tarixi romandan sonra sayca on üçüncü kitabında da dövrümüz üçün aktual görünən mövzulara toxunur.

Bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən nəfis formada nəşr edilən “Şeytana daş atanlar” romanı da əsəri aydın və yeni üslubda qələmə alınmışdır ki, bu da oxucunu, xüsusən yeni nəsil ədəbiyyat həvəskarlarını yormur, əksinə çağdaş söz sənətinə olan həvəslərini daha da artırmağa xidmət edir.

“Şeytana daş atanlar” romanı nasirin əxlaqi kataklizmalara maraqlı baxışları, kəskin ictimai mövqeyi, bəzi hallarda estetik-kulturoloji tənqidi ilə fərqlənir. Bir tərəfdən kasıb dindar, mənəvi kamilləşməyə can atan yeni düşüncəli ilahiyyatçı, digər yandan isə varlılar, hansısa yolla saxta nüfuz qazanmış şəxslər arasındakı gözləsezilməyən incə məqamları verə bilən yazıçı arif oxucularının diqqətini cəlb edə bilir, ictimai-mənəvi müzakirələri ön plana çəkir. Romanın əsas motivi də məhz bunun üzərində köklənib ki, öz işlərindəki şeytanla bacarmayanlar, onu daşlamaq üçün uzaq Ərəbistan torpağına üz tutur. Hər iki qüvvənin nümayəndələri Həccə yollanır: kimi mənəvi saflıq əldə edərək yenidən doğulmaq üçün, kimi də cəmiyyətin gözündə xüsusi dini rütbə əldə edən “hörmətli” adam kimi görünməkdən ötrü. Müəllif qəribə bir üslubla, sanki Tanrının dini kitabar vasitəsi ilə bizə yolladığı göylərin həqiqətini ortaya qoyur: Həcc ziyarəti sənin üçün ikinci doğuluşdur, mən yaratdığıma şans verdim, sağlığında onu saflaşdırdım, günahlarının əksəriyyətini bağışladım, davamı şəxsən sənin özündən aslıdır! Bax, əslində bu yeni “Şeytana daş atanlar” romanın əsas fəlsəfəsi də bundadır…

Söz yox, dəyərli yazıçılarımızın sırasında özünəməxsus yerini tapan Qəni Camalzadə istedadlı nasir kimi ədəbiyyat tariximizin bu günündə qələmə aldığı romanları ilə maraqlı imza sahibi sayılır. Dövrün estetik çağırışlarına çevik reaksiya verən ədib növbəti yeni romanlarını oxucularının ixtiyarına buraxıb.

Gənclərin daha çox yeni onlayn/oflayn mütaliə vərdişlərini nəzərə alan müəllifin, İnternetdəki www.qenicamalzade.com ünvanlı fərdi ədəbi saytında, eləcə də www.kitabxana.net – Milli Virtual Kitabxana portalında hər iki yeni romanının və əvvəlki əsərlərinin elektron variantını yayımlanır: https://kitabxana.net/author.php?author=773

Sonda onu da bildirək ki, hər iki yeni irihəcmli nəsr nümunəsində müəllif yaradıcılıq ənənələrinə sadiqlik nümayiş etdirir, oxunaqlı, ənənəvi estetik-poetik texnologiyalara söykənən romanları ilə çağdaş ədəbiyyatımızı zənginləşdirməyə çalışır.

Azərbaycanın qədim tarixinə yeni, doğru baxış sərgiləyən, cəmiyyətimizi indi maraqlandıran dini-əxlaqi, mənəvi problemlərə fərqli prizmadan nəzər salan müəllifin növbəti sənət uğurlarına sevinir, yazıçı dostumuz Qəni Camalzadəyə yeni-yeni sənət zirvələri arzulayırıq.

Aydın Xan Əbilov,

VCA və YYSİNB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq

http://edebiyyatqazeti.az/news/edebi-tenqid/8773-cagdas-roman-seneti-bedii-nesrimizin-bezi-meqamlari


P.S. “Ədəbiyyat qəzeti” redaksiyasına, baş redaktorum Azər Turana bəyə xüsusi minnətdarlıq…

Ədəbi ictimaiyyətin nümayəndələrini, oxucuları, KİV nümayəndələrini dəvət edirik!

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi,
Azərbaycan Respublikası Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Xəzər və Nərimanov rayon nümayəndəliyini təqdim edir

Tanınmış yazıçı-publisist Haci Qəni Camalzadənin
“Seytana Daş atanlar” kitabının təqdimat mərasimi

Tədbir 23.04.2022 tarixində, saat 14.00-da, Bakı şəhəri, Şəhidlər Xiyabanında yerləsən, Səbael Rayon Müharibə Veteranları Mərkəzində keçiriləcək.