Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

0
926
O başına gələnlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da məktub ünvanlayıb. Jurnalist Cavanşir Həsənlinin paylaşdığı xəbərdən bəlli olur ki, icra başçısının qardaşı Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb.
Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT BAR yazılı iri reklam lövhəsi asdırıb. 10-12 nəfər personal işə götürüb və restoran fəaliyyətə başlayıb.
Amma bir az sonra restoranın əsl sahibi ortaya çıxıb. Məlum olub ki, Nazim Fərəcov əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili saxta sənədlərlə satıblar.
Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.
Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar FETÖ-çü olublar və bu səbəbdən Avropaya qaçıblar.
Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib.
Məktub indi üzə çıxsa da, 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir.
Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı var.