Konqres Zelenskinin çıxışını ayaqda alqışladı: “Ölümü dayandıra bilmirəmsə, həyatda anlam görmürəm” – VİDEO

0
423

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün ABŞ Konqresi qarşısında çıxış edib.

Özünün hərarətli və bir o qədər də emosional çıxışında Ukrayna prezidenti ABŞ və onun başçısını dünyaya liderliyi üzərinə götürməyə, ölkəsinin dinc əhalisini məhv olmaqdan xilas etmək üçün Ukrayna səmasını qapamağa çağırıb.

Zelenskinin bu çıxışını konqresmenlər ayaq üstə alqışlayıblar.

Zelenski öz çıxışında bildirib:

“İndi bizim ölkəmizin, xalqımızın taleyi həll olunur. Ukraynalıların müstəqil olub-olmayacağı, demokratiyasını saxlayıb-saxlamayacağı həll olunur. Rusiya sadəcə bizim torpağımıza deyil, şəhərlərimizə də hücum edib. O bizim əsas dəyərlərimizə qarşı sərt hücuma keçib. Onlar müstəqilliyimizə, öz ölkəmizdə müstəqil şəkildə gələcəyimizi seçərək azad yaşamaq hüququmuza, xoşbəxtlik əzmimizə, xalqımızın eynilə sadə amerikalıların da sahib olduğu arzularına qarşı tank və təyyarələri göndərdilər”.

O qeyd edib ki, ABŞ tarixində ukraynalıları anlamaqlarına imkan verəcək səhifələr var:

“Perl-Harboru xatırlayın. 1941-ci ilin qorxunc 7 dekabr səhərini xatırlayın. Həmin vaxt sizin səmanız hücum edən təyyarələrə görə qaranlığa qərq olmuşdu. 11 sentyabrı – 2001-ci ildə şərin sizin şəhərləri döyüş meydanına çevirməyə çalışdığı qorxunc günü xatırlayın”.

Ukrayna lideri həmçinin çıxışında Ukrayna səmasının bağlanması təklifinə alternativini də səsləndirib:

“Bizim hansı müdafiə sistemlərinə ehtiyacımız olduğunu bilirsiniz. Bunlar S-300-lər və digər analoji sistemlərdir. Siz bilirsiniz ki, döyüş meydanında aviasiyanı tətbiq edə bilməkdən çox şey asılıdır. Bunlar bizim öz insanlarımızı, öz uşaqlarımızı, öz azadlığımızı, öz torpaqlarımızı müdafiə etməyimiz üçündür. Ukraynaya, Avropaya yardım edə biləcək təyyarələr var. Siz bilirsiniz ki, onlar var. Ancaq Ukrayna səmasında deyil, yerdədir. Onlar bizim insanlarımızı qorumur”.

Volodimir Zelenski eyni zamanda çıxışında U-24 birliyinin (Sülh birliyi) yaradılmasını təklif edib. Bu platforma məsuliyyətli, güc sahibi dövlətlərdən ibarət olacaq və münaqişələri dayandıracaq:

“Dərhal 24 saat ərzində bütün zəruri yardımları göstərəcək. Əgər lazımdırsa silah, lazımdırsa sanksiya, humanitar, siyasi dəstək göstərəcək. Sülhü qorumaq, həyatları xilas etmək üçün hər şeyi təmin edəcək”.

Sonda Volodimir Zelenski Konqresə ingilis dilində də müraciət edib:

“Mənim indi 45 yaşım var. Bu gün mənim həyatım dayanıb, çünki 100-dən artıq uşağın ürəyi artıq döyünmür. Ölümü dayandıra bilmirəmsə, həyatda da anlam görmürəm. Dövlətimin lideri kimi bu mənim əsas missiyamdır.Öz xalqımın lideri kimi prezident Baydenə müraciət edirəm. Siz öz xalqınızın liderisiniz. Ancaq mən sizin dünyanın lideri olmağınızı istəyirəm. Dünyanın lideri olmaq dinc həyat üçün çalışan hər kəsin lideri olmaq deməkdir”.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/51710/