“Məmmədyarovlar” şahmat məktəbi yaradıldı

0
321

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub.

Görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, AŞF-nin baş katibi İlahə Qədimova, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacısı – beynəlxalq qrossmeyster Türkan Məmmədyarova, atası Həmid Məmmədyarov da iştirak edib.

“Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova yaradılan şərait barədə məlumat verərək bildirib ki, burada eyni zamanda 30 uşaq şahmatla məşğul ola bilər. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirlərini tədris etmək, gələcəkdə yığmada komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.

Sonda gənclər və idman nazir Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova xatirə plaketləri təqdim olunub.

Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda Vüqar Həşimovun adını daşıyan klub da fəaliyyət göstərir.