Ağsuda çöllük ərazidə yaşayan yaşlı qadınla bağlı icra hakimiyyətindən AÇIQLAMA

0
245

Ağsu rayonu, Ərəbmehdibəy kəndində, yaşayış olan yerdən təxminən 10 kilometr aralıda çöllük ərazidə yaşayan Əzəmət Mikayılova Möhübbət qızı ilə bağlı Rayon İcra Hakimiyyəti açıqlama verib.

Açıqlamada deyilir ki, Ə.Mikayılova 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib.

Qeyd edilib ki, sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib:

“Lakin, Ə.Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina edib və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib. Əlavə olaraq bildirilib ki, səhhətində  problemlər olduğundan vətəndaş Ə.Mikayılova “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə xəstəxanaya göndərilib”.

Sosial Xidmətlər Agentliyi də Əzəmət Mikayılovanın yaşadığı əraziyə baş çəkib.

Agentliyin açıqlamasında qeyd edilib:

“Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi.

Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”