Bakının bu ərazilərində mənzillər 20% bahalaşacaq

0
298

“Gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir”.

Davam edən pandemiya şəraiti və iqlim dəyişiklikləri qlobal bazarda qiymət artımlarına və inflyasiya dərəcəsinin yüksəlməsinə səbəb olur. Bu da yerli bazarlara öz təsirini göstərir. 

Ümumilikdə, qiymət artımlarını iqtisadiyyatın əksər sahələrində hiss etmək mümkündür. Ötən il paytaxt ərazisində daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanın bu il də artan inflyasiya fonunda davam edib-etməyəcəyi də sual doğurur

Daşınmaz əmlak üzrə ekspert, Emlak.az saytının mütəxəssisi Bəhruz Həsənov açıqlamasında bildirdi ki, hazırda bazarda müvəqqəti olaraq durğunluq müşahidə edilir: “Satışda kifayət qədər çox daşınmaz əmlak olsa da, alıcı çox azdır. Ənənəvi olaraq ilin dəyişməsi, insanlar arasında vayuta məzənnəsinin dəyişəcəyi ilə bağlı gözləntilər alqı-satqıya olan marağı azaldır, alıcıları və satıcıları daha ehtiyatlı davranmağa məcbur edir”.

Ekspertin sözlərinə görə, buna baxmayaraq 2022-ci ildə mənzil qiymətlərində artım olacağı proqnozlaşdırılır: “Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb ötən ildən etibarən tikinti materiallarının kifayət qədər bahalaşması (2 dəfəyə qədər), həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. 

Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik. Bahalaşma daha çox Bakının ən çox mərkəz və mərkəz ətrafı ərazilərində ola bilər. Buna səbəb isə qeyd olunan ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda və yüksək qiymətlərlə təklif olmasıdır.

İldən-ilə qiymətlərin artması tendendensiyasını nərəzə alsaq, əlbəttə gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir”. 

Qiymətlərin əsasən il sonuna qədər artacağını vurğulayan B. Həsənov yeni binalarda isə yay aylarında qiymətlərdə müvəqqəti enmələrin müşahidə edilə biləcəyini qeyd etdi.

“Kirayə mənzil bazarında tələbat həmişəki kimi kifayət qədər çoxdur. Təəssüf ki, böyük tələbat qarşılığında təkliflər məhdud saydadır. Yəni kirayə mənzil axtaran çox insan olsa da, mənzil tapmaq çətindir. Mənzillərin satış qiymətindəki il ərzində olan artımı nəzərə alsaq, kirayə mənzillərin qiymətində 20%-ə qədər artım ola biləcəyini deyə bilərik”, – deyə ekspert əlavə edib.