Qlobal istiləşmənin güclənməsi kənd təsərrüfatına getdikcə daha ciddi təsir göstərir. Alimlərin hesablamalarına görə, iqlim dəyişikliyi ilə əlaqədar ekstremal istilər artıq hər il qarğıdalı, buğda və soya istehsalını azaldır və dünya iqtisadiyyatına təxminən 20 milyard dollar ziyan vurur.
Bu barədə “New Scientist” nəşri yazıb.
Tədqiqatçılar bildir ki, karbon qazı emissiyaları əhəmiyyətli dərəcədə azaldılmasa, əsrin sonuna qədər bu itkilər səkkiz dəfədən çox artaraq ildə 160 milyard dolları ötə bilər. Ən böyük iqtisadi zərər kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarına dəyəcək. Bununla belə, ən ağır nəticələrin əhalisinin böyük hissəsi kənd təsərrüfatında çalışan aşağı gəlirli ölkələrdə hiss olunacağı vurğulanır.
Afrikada ərzaq böhranı və miqrasiya riski
Avstriyadakı Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun tədqiqatçısı İ Lin Xvonqun sözlərinə görə, iqlim dəyişikliyi xüsusilə Afrikanın ən kasıb ölkələri üçün ciddi təhlükə yaradır. Məhsuldarlığın azalması iqtisadi çətinliklərlə yanaşı, sosial gərginliyi artıracaq, ərzaq çatışmazlığı isə miqrasiyanın güclənməsinə səbəb ola bilər.
Alimlər qeyd edir ki, uzunmüddətli proqnozlarda müəyyən qeyri-müəyyənlik qalır. Gələcək nəticələr kənd təsərrüfatının yeni iqlim şəraitinə nə dərəcədə uyğunlaşacağından – suvarma sistemlərinin inkişafı, daha davamlı bitki sortlarının tətbiqi və digər texnologiyalardan asılı olacaq.
Məhsuldarlıq 35 faizədək azala bilər
Araşdırma zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müxtəlif ölkələr üzrə qarğıdalı, buğda və soya məhsuldarlığına dair statistikası 1974-2004-cü illərdə qeydə alınmış ekstremal istilər və quraqlıqlar barədə məlumatlarla müqayisə edilib.
Nəticələr göstərib ki, 2007-2019-cu illərdə ekstremal istilər və quraqlıqlar dünya üzrə məhsuldarlığı əvvəlki dövrlə müqayisədə təxminən 3,5 faiz azaldıb. Mövcud emissiya səviyyəsi qorunarsa, əsrin sonuna qədər buğda, qarğıdalı və soya məhsulu 35 faizə qədər azala bilər.
Tədqiqat müəlliflərinin hesablamasına görə, istilər və quraqlıq səbəbindən hər il təxminən 855 milyon ton kənd təsərrüfatı məhsulu itirilir. Bu həcm təxminən 2 milyard insanın bir illik ərzaq tələbatına bərabərdir.
Alimlər bildirir ki, real vəziyyət bundan da ağır ola bilər. Çünki araşdırmada daşqınlar, fırtınalar və digər təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu zərər nəzərə alınmayıb. Buna baxmayaraq, mütəxəssislər eyni qənaətdədirlər: istixana qazlarının emissiyası azaldılmasa, iqlim dəyişikliyi gələcəkdə də dünya üzrə ərzaq istehsalını azaltmağa davam edəcək.




