Hər bir kəs əməllərinin düzgün qiymətini arzulayır. Yaşam ehtiyaclarının duyğusal zirvəsində yer alan dəyərlər insanı daha önəmli fəaliyyətə səsləyir.
İşləməkdən, yaratmaqdan doyumsuzluq yüksək insani keyfiyyət olmaqla yanaşı həyati təmələ bağlılıqdır.
“Yoruldum, bəsdir, daha dincəlim” deyənlərin çoxu buna əməl edə bilmir… öz dəyərini ala bilməsə də…
Əslində heç kəs dəyərsiz qalmır… Sadəcə hər kəs daha yüksək dəyərlərə ehtiyac duyur. Hər bir dəyər insanları bir qədər sakitləşdirsə də işləmdən saxlamır.
İşləmək, oxumaq, öyrənmək, yaratmaq və bütün bunları bacarmaq elə həyati dəyərdir. Buna şükür etmək də…
Həyati dəyərlər insanların verdiyi dəyərlərdən daha yüksəktir.
Buna inanmaq, bunu görmək də mövcud dəyərlərimizdən istifadə etməyin yolunu tapmaq bacarığından asılıdır.
Həyati dəyər insani varlığın bütün keyfiyyətlərini əvəz edə bilməz. Nə qazanırıqsa, əməyimizlə, zəhmətimizlə qazanırıq.
Bunu görənlər, qiymət verənlər olsa da, olmasa da özümüzə inamımızı itirməməliyik, doğru yolumuzdan dönməməliyik.
Özümüzü olduğumuz kimi görməkdə kənar dəyərlər böyük əhəmiyyət daşıyır.
(Mən bu yazımda dəyər sözünü yüksək mənada işlədirəm. Amma təəssüf ki, bu sözü dəyərli kimi deyil, qiymət mənası kimi anlayanlar da var).
Ətrafımızda bizi olduğu kimi anlayıb dəyər verənlər varsa, yüksək ictimai dəyərlərin olmamasına çox təəssüf etməməliyik.
Dəyərlər şan-şöhrət hərisliyindən yaranmır, daxili dünyamızın yönləndirdiyi ehtişamın hasilidir. Özümüzə verdiyimiz dəyər hər kəsə yönəlir – arzularla, əməllərlə, hər mənada köməklə.
Kamil insan zirvəsinə yol dəyərsiz çox çətindir.
Hər bir addımımız dəyərini gördükçə davam edir.
Dəyər özünəinam yaradır, gücümüzü artırır, yolumuz işıqlanır.
Təəssüf ki, dəyərin ünvanını tapmasına əngəl törədən qüvvələr də var. Bəd xüsusiyyətləri insanlar hər zaman tapılıb cəzalanmasa da, həyat bu mübarizəsiz də keçmir.
Bu mübarizənin düzgün nəticələri də həyati dəyərlər sırasındadır.
Hal-hazırda dünyamızın müharibələr qırğını, dağıntısı, vahimələri, dəhşətli çətinlikləri ilə üzləşdiyi bir dövrdə trilyonlar ilə keyf çəkənlər də var.
İnsani dəyərlərin öz ünvanını tapacağına ümidimiz tükənməsin.
Sənubər Səhər




