2032-ci il Olimpiadasında akademik avarçəkmə, eləcə də kayak və kanoe yarışları Avstraliyanın Rokhempton şəhərində timsahların məskunlaşdığı Fitsroy çayında keçiriləcək.
Kvinslend hakimiyyəti məkanın müstəqil texniki yoxlamadan uğurla keçdiyini və təsdiqləndiyini açıqlayıb.
“Hər şey rəsmidir, imzalanıb və həll olunub”, – deyə ştatın baş naziri Devid Krisafulli bildirib.
Fitsroy çayının seçilməsi hələ 2025-ci ildə mübahisələrə səbəb olmuşdu. Olimpiya çempionu Dryu Qinn də daxil olmaqla, 500-dən çox avarçəkən çayın axını, daşqın riski və digər xüsusiyyətlərini əsas gətirərək yarışların başqa məkana keçirilməsini tələb etmişdi.
İndi hakimiyyət orqanları yarışların keçirilməsi üçün zəruri infrastrukturun layihələndirilməsinə başlayacaqlar. Çayda səkkiz zolaqlı, iki kilometr uzunluğunda trasın yaradılması planlaşdırılır. İlkin qiymətləndirmələrə görə, çayın genişləndirilməsinə və ya dərinləşdirilməsinə ehtiyac olmayacaq.
Kvinslenddə artıq iri və ya təhlükəli davranan timsahların yaşayış məntəqələrindən kənarlaşdırılmasını nəzərdə tutan timsahlara nəzarət proqramı fəaliyyət göstərir.



