Yunanıstanda Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi qədim məktəbin ərazisində mozaikalarla bəzədilmiş dəbdəbəli ziyafət zalları aşkar edilib. Bildirilir ki, kompleksin bəzəyi II Filippin kral sarayından geri qalmır.
Salonikidən təxminən 65 kilometr uzaqlıqda aparılan genişmiqyaslı qazıntılara qədim abidələr üzrə fəxri efor Anjeliki Kottaridi rəhbərlik edib.
Arxeoloqlar kompleksin şərq hissəsini – sözün əsl mənasında “tədris evi” mənasını verən Didaskaleyonu ətraflı araşdırıblar. Burada daş oturacaqları olan sinif otaqları və ona bitişik gimnastika məşqləri üçün palestra yerləşib.
_1789819217.webp)
Əsas tapıntı isə ümumi sahəsi 160 kvadratmetrdən çox olan üçotaqlı bina olub. Burada iki andron, yəni kişilər üçün nəzərdə tutulan ziyafət zalı aşkar edilib.
Hər iki zalda mozaika döşəmələr və uzanaraq yemək üçün istifadə edilən daş platformalar yaxşı vəziyyətdə qorunub. Məlumata görə, bu məkanlar ən azı 20 qonaq üçün nəzərdə tutulub.
Bu tapıntı onu göstərir ki, gələcəyin Makedoniya elitası, o cümlədən İsgəndər burada yalnız məntiq və fizika öyrənməyib, həm də kral sarayının qaydalarına uyğun ziyafət və simpozium keçirmə mədəniyyətinə yiyələnib.
Yunanıstan Mədəniyyət Nazirliyi bildirib ki, kompleksin bəzəyi və döşəmələri Eqadakı kral sarayının interyerinə demək olar ki, tam uyğundur. Alimlərin fikrincə, Miezadakı gimnaziyanı Makedoniya hökmdarlarının iqamətgahını tikən eyni ustalar inşa edib. Bu da məktəbin xüsusi statusunu göstərir.
_1789819228.webp)
Təxminən üç hektarlıq qazıntı ərazisində ionik frizlərin hissələri, qədim keramika nümunələri və sikkələr də tapılıb.
Sistemli qazıntılara 2024-cü ildə başlanılıb və indiyədək bürünc stiluslar, qiymətli amforalar kimi nadir tapıntılar üzə çıxarılıb.
Kompleks uzun müddət mövcud olmayıb. Eramızdan əvvəl 148-ci ildə romalılar onu dağıdıblar. Lakin buna baxmayaraq qədim mozaikalar və suvaqlar günümüzədək gəlib çata bilib.



