Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb. İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Bildirilib ki, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Bu kimi hallar ilk deyil, onlayn oyunların uşaqlara təsiri hər gün daha da güclənir. “Roblox”un uşaqlar üçün təhlükəsizliyi isə valideynlər arasında suallar yaradır.
Platformada milyonlarla insanın bir araya gəlməsi kibercinayətkarların da diqqətini çəkir. Fırıldaqçılıq, hesabların ələ keçirilməsi, şəxsi məlumatların oğurlanması və uşaqlara qarşı təhlükəli davranışlar əsas risklər sırasında göstərilir.
Bəs, “Roblox”dakı əsas təhlükələr nələrdir?
Platformada istifadə olunan Robux adlı virtual valyuta kibercinayətkarların maraq dairəsindədir. İstifadəçilər Robux vasitəsilə müxtəlif virtual əşyalar və funksiyalar əldə edə bilirlər. Bu səbəbdən fırıldaqçılar uşaqları “pulsuz Robux” vədləri ilə aldada bilərlər.
Ən çox rast gəlinən üsullardan biri saxta ticarət təklifləridir. Fırıldaqçı qarşılığında müəyyən əşya və ya Robux vəd etsə də, razılaşmadan sonra əldə etdiyini geri qaytarmaya bilər.
Digər təhlükə isə fişinq yolu ilə hesabların ələ keçirilməsidir. İstifadəçiyə saxta keçid göndərilir və ondan hesab məlumatlarını daxil etməsi tələb olunur. Məlumatlar əldə edildikdən sonra hesabdakı Robux və digər qiymətli virtual əşyalar oğurlana bilər.
Bəzi hallarda isə istifadəçilərdən brauzerin texniki bölməsinə müəyyən kodlar yerləşdirmələri istənilir. Guya pulsuz Robux qazandıracağı vəd edilən bu üsullar hesab məlumatlarının oğurlanmasına səbəb ola bilər.
Uşaqların platformada tanımadıqları şəxslərlə ünsiyyəti də ciddi risklərdən biridir. Fırıldaqçılar uşaqlardan ad, yaş, yaşadığı yer, doğum tarixi və digər şəxsi məlumatları öyrənməyə çalışa bilərlər.
Bəzən bunu birbaşa suallarla deyil, müxtəlif oyunlar, saxta sorğular və hədiyyə vədləri ilə həyata keçirirlər. Uşaqlar təhlükənin fərqinə varmadan şəxsi məlumatlarını qarşı tərəfə ötürə bilərlər.
“Roblox”un sosial imkanları uşaqların tanımadıqları şəxslərlə əlaqə saxlamasına şərait yarada bildiyi üçün platformada fırıldaqçıların olması da valideynlərin əsas narahatlıqlarındandır.
Platforma bu riskləri azaltmaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Məsələn, bəzi sosial funksiyalar məhdudlaşdırılıb, uşaqları təhlükəyə atan cinsi və romantik məzmunlara qarşı qadağalar mövcuddur.
Bununla belə, təhlükələrin tamamilə aradan qalxdığını düşünmək olmaz. Pis niyyətli şəxslər uşaqlarla əlaqə yaratmaq və onları daha az nəzarət olunan platformalara yönləndirmək üçün müxtəlif üsullardan istifadə edə bilərlər.
Valideynlər uşaqları necə qoruya bilər?
Mütəxəssislər uşağın “Roblox”dan istifadəsinə icazə veriləcəyi halda valideyn nəzarətinin vacib olduğunu bildirirlər.
İlk növbədə hesabı valideynin özü yaratması və məxfilik parametrlərini yoxlaması tövsiyə olunur. Uşağın kimlərlə əlaqə saxlaya biləcəyinə məhdudiyyət qoymaq da təhlükəsizliyi artırır.
Hesabı valideynin elektron poçt ünvanına bağlamaq, iki mərhələli doğrulamanı aktivləşdirmək və uşağın platformada etdiyi alış-verişlərə nəzarət etmək də mühüm addımlardır.
Bundan başqa, uşağın “Roblox”dan ümumi məkanlarda, məsələn, ailə üzvlərinin olduğu otaqda istifadə etməsi valideynə onun onlayn fəaliyyətini daha yaxşı izləməyə imkan verə bilər.
Ən vacib məqam isə uşağa internet təhlükəsizliyi qaydalarını izah etməkdir. Ona tanımadığı şəxslərlə şəxsi məlumatlarını paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq və “pulsuz Robux” kimi real görünməyən təkliflərə inanmamaq öyrədilməlidir.
Nəticə etibarilə, “Roblox”u tamamilə təhlükəsiz və ya tamamilə təhlükəli platforma kimi qiymətləndirmək düzgün deyil. Platformanın yaratdığı risklər əsasən istifadəçinin davranışından və tətbiq edilən təhlükəsizlik tədbirlərindən asılıdır.
Valideyn nəzarəti və uşağın düzgün məlumatlandırılması bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər.



