Noyabrın 25-də Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, hadisə təxminən 15 dəqiqə davam edib. Palçıq vulkanlarının püskürməsi zamanı yer səthinə qazlar, minerallaşmış sular, neft qarışıqlı lilli palçıq və digər maddələr çıxa bilər. Bu proses ətrafdakı torpaq örtüyünə, bitki örtüyünə və yerli ekosistemə təsir göstərə, bəzi hallarda isə yanğın və palçıq axını təhlükəsi yarada bilər.
Bəs, Qaradağda baş verən palçıq vulkanının püskürməsi ətraf mühitə və ekosistemə hansı təsirləri göstərə bilər? Püskürmə zamanı atmosferə yayılan qazlar, eləcə də səthə çıxan digər maddələr torpağa, bitki örtüyünə və canlılara hansı zərərləri vura bilər? Belə hadisələr yaxın ərazilərdə yaşayan insanlar üçün hansı təhlükələri yaradır və ekoloji fəsadların qarşısını almaq, riskləri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Abşeron yarımadası və Xəzər dənizi palçıq vulkanları ilə zəngin ərazilərdir. Dünyadakı palçıq vulkanlarının təxminən 30 faizi bu zonada yerləşir.
“Bunun bir neçə səbəbi var. Əsas amillərdən biri ərazinin neft-qaz ehtiyatları ilə zəngin olmasıdır. Palçıq vulkanlarına xüsusilə Qaradağ, Şamaxı və Qobustan rayonlarında, eləcə də Xəzər dənizində rast gəlinir.
Palçıq vulkanlarının mühüm xüsusiyyətlərindən biri onların neft-qaz yataqlarının aşkar edilməsində geoloqlara kömək etməsidir. Bu vulkanlar həmin ərazilərdə neft və qaz amilinin mövcudluğuna dair mühüm göstəricilər verir. Məsələn, Lökbatanda yerləşən 45 saylı quyunun qazılması təşəbbüsü ilə geoloq Baxşəli bəy Sultanov çıxış etmişdi. O, elmi tədqiqatlara əsaslanaraq palçıq vulkanının yerləşdiyi ərazidə quyu qazılmasını təklif etmiş və həmin yerdə neftin olduğunu bildirmişdi. Nəticədə quyu qazılmış, oradan neft çıxmış və bu günə qədər fəaliyyət göstərmişdir. Həmin quyu Lökbatan ərazisində, vulkanın yaxınlığında yerləşir və əhəmiyyətli neft quyularından biri hesab olunur. Bu hadisə palçıq vulkanlarının neft-qaz sektorunda əhəmiyyətini göstərən nümunələrdəndir. Xəzər dənizində neft-qaz yataqlarının aşkar edilməsində də bu vulkanların mühüm rolu olub.
Palçıq vulkanları yerin təxminən 1 kilometrdən 10 kilometrədək və daha dərin qatlarında baş verən geoloji proseslərlə əlaqədardır. Qazların və müxtəlif kimyəvi maddələrin təsiri nəticəsində yerin dərinliklərində toplanan materiallar səthə çıxır. Püskürmələr bəzən qaz və yanğınla müşayiət olunan fontanlar şəklində baş verir. Palçıq vulkanlarının püskürməsi zamanı palçıq 30-40 metr, bəzi hallarda isə 100 metrədək hündürlüyə qalxa bilir.
Bu proses ətraf mühitə müəyyən təsir göstərir. Püskürmə baş verən əraziyə çoxlu miqdarda palçıq tökülür. Həmin ərazidə bitki örtüyü və digər canlı orqanizmlər məhv ola bilər. Bunun səbəbi palçığın zəngin kimyəvi tərkibə malik olmasıdır. Tərkibində natrium, maqnezium, kalium, kalsium və müxtəlif mineral və metal elementləri, bəzi hallarda isə radioaktiv elementlər ola bilər. Ümumilikdə, palçıq vulkanı məhsullarının tərkibində Mendeleyevin dövri cədvəlindəki elementlərin təxminən yarısına rast gəlindiyi bildirilir.
Digər tərəfdən, palçıq vulkanlarının məhsulu olan palçıq brekçiyası müalicəvi xüsusiyyətlərinə görə də əhəmiyyət daşıyır. Ondan tibbdə, müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycanda da bu məqsədlə fəaliyyət göstərən sanatoriya və klinikalar var. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyanın Taman yarımadasında və Gürcüstanda palçıq vulkanı məhsullarından müalicə məqsədilə istifadə edilir. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdən biri də mühafizə olunan zona kimi müəyyən edilib və həmin ərazilərdə müəyyən fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Bununla yanaşı, turistlər də palçıq vulkanlarına maraq göstərir, bəzi hallarda həmin palçıqdan istifadə edirlər.
Püskürmə qısa müddət ərzində, bəzən bir neçə saat ərzində başa çatır və ərazidə palçıq qatı qalır. Belə hallarda təhlükəsizlik tədbirləri görülməli, ərazi müvəqqəti bağlanmalı və əhalinin ora daxil olmasına icazə verilməməlidir. Çünki püskürmədən sonra palçıq bir müddət isti qala bilər, daha sonra soyuyur. Həmçinin kimyəvi tərkibinə görə həmin ərazidə canlı orqanizmlərin inkişafı mümkün olmur. Palçıq brekçiyasından isə yalnız mütəxəssislər tərəfindən öyrənildikdən və tədqiq edildikdən sonra, müvafiq qaydada müalicə və elmi məqsədlərlə istifadə olunması məqsədəuyğundur.
Qeyd edim ki, Lökbatandakı 45 saylı quyunun qazılması təşəbbüsü ilə çıxış edən Baxşəli bəy Sultanov bu qərarına görə o dövrdə ciddi riskə getmişdi. O, Mircəfər Bağırovla görüşündə quyudan neft çıxmayacağı təqdirdə həbs olunmasına razı olduğunu bildirmişdi. Həqiqətən də, həmin dövrdə həbs edilmişdi. Lakin quyudan neft fontan vurduqdan sonra ölkənin tanınmış şəxslərindən birinə çevrilmişdi.
Bakıda, 28 May metrostansiyasından Şərq bazarına gedən yolun üzərində yerləşən “Abşeron” Sağlamlıq Mərkəzində də palçıq vulkanı məhsullarından müalicə məqsədilə istifadə olunur”.



