Keyfinizi açmaq üçün hansını seçirsiniz?
Mən — yumoru və xoş görüşü.
Həyat hansını seçir?
Son dəqiqəyə qədər sual…
Ümid, inam, şükür sual altında qalmasın, inşallah.
Sevinməyə hər zaman yol var. O yol təmiz qəlbdən keçir.
Təmiz qəlb necə? İlahi vergidirmi?
İlahi hamını təmiz yaradır axı…
Biz isə çirklənərək yaşayırıq — qəlb də, bədən də…
Niyə? “Niyə”lərin cavabı tapılmır.
Cavab axtardığımız yollarda qocalırıq — sevinərək, gülərək, oynayaraq, ağlayaraq, danışaraq, yazaraq, öyrənərək, öyrədərək.
Əyləncələr olmasa, ömrümüz çox tez bitər.
Sevinclər kədəri məhv edir. Bu qarşılıqlı mübarizədə hər zaman sevinc qalib gəlir.
Əsrlərin dayanışı, davamı bunun sübutudur.
Həyatımız pessimizmə tuş gəlməsin. Bu da ömürlük olmur. Amma ömür yolumuzda böyük bir əngəldir.
Qəmli musiqilərdən uzaq olaq — onları yaradanlar da qəmli anlarında yaradıblar.
Əylənək, real həyatın pisliklərinə göz yumaq, ya da onlara da gülək, ələ salaq.
Bu da onlarla mübarizə üsullarından biridir.
Amma ayıq olaq, ayıq düşünək, ayıq sevinək.
İçib sevinən var, içib ağlayan var, dalaşan var…
Deyirlər ki, spirtli içki insanın iç üzünü üzə çıxarır. Buna kim qərar verir, bilmirəm.
Mənim fikrimcə isə, insanın ağlını başından alır.
Həyatı ağılsız yaşamaq dəlilikdir. Qəlbimizi, ürəyimizi idarə edən ağıldır.
Ona zərər verən hər şeydən uzaq olaq. Onu əyləncələrlə ruhlandıraq. Ruhumuz ağlımızla dost olsun. Xoşbəxtlik budur.
Bütün yazılarımda pisliklə yaxşılığın mübarizəsindən yazıram.
Nə edim? Həyat budur.
Həyatda pislər də sevinir, yaxşılar da. Pislər də ağlayır, yaxşılar da.
Sevinc təlatümündə daim yaxşılar zirvədədir.
Demək, nə edək?
Deyək, gülək, oynayaq…
Əl çalanlarımız da çox olsun.
Dərdlərə də xitam verək. Dərd çəkməyi ağılsızlıq hesab edək. Ruhların əziyyətdən qurtuluşuna sevinək.
Həsrətlərin sona çatacağına olan inamımızı əbədi dünyaya aparan yol sevincli günlərdən keçsin. Sevdiyimiz insanlarla, xoş anlarla keçsin.
Sevinməsək yaşaya da bilmərik, işləyə də bilmərik.
Pisliklərə gülməyi də bacaraq.
Sənubər Səhər



