Telefon kilidli olsa da fotolara baxmaq mümkündür

“WhatsApp”da bəzi Android smartfonlarında telefonun ekranı kilidli olduğu halda belə istifadəçinin fotolarına giriş imkanı yaradan təhlükəsizlik boşluğu aşkarlanıb.

Bu barədə “C14” məlumat yayıb.

Boşluğu müstəqil kibertəhlükəsizlik tədqiqatçısı Xose Rodriges aşkar edib. Bildirilir ki, problemdən istifadə etmək üçün smartfon fiziki olaraq başqa şəxsin əlində olmalıdır. Bununla belə, həmin şəxsin telefonun parolunu və ya ekran kilidi kodunu bilməsinə ehtiyac yoxdur.

Mütəxəssisin sözlərinə görə, təhlükəsizlik boşluğu “WhatsApp”a daxil olan videozənglərin bəzi Android cihazlarında emal olunması ilə bağlıdır.

Kilidli telefona videozəng gəldikdə zəngə cavab verildikdən sonra effektlər menyusuna keçmək, “Meta AI” vasitəsilə məzmun yaratma funksiyasını açmaq və şəkil redaktəsini seçmək mümkündür. Bundan sonra telefon hələ də kilidli qalsa da, sistem fotoqalereyaya giriş verə bilər.

Bütün Android telefonlarında problem yoxdur

Məlumata görə, boşluq bütün Android cihazlarında aşkarlanmayıb. Problemi “OPPO K13” və “Google Pixel 6” modellərində təkrarlamaq mümkün olub.

“Samsung Galaxy S25 Ultra” və bəzi qatlanan smartfonların isə bu üsulla ekran kilidinin keçilməsinə qarşı qorunduğu bildirilir.

“iPhone” istifadəçilərinin bu təhlükəsizlik boşluğundan təsirlənmədiyi qeyd olunur. iOS sistemində “WhatsApp” zəngləri sistemin qorunan interfeysi vasitəsilə idarə edilir və telefonun kilidi açılmadan yerli fotoqalereyaya keçmək mümkün deyil.

İstifadəçilər özlərini necə qoruya bilərlər?

Google və problemin müşahidə edildiyi Android cihazlarının istehsalçıları təhlükəsizlik boşluğunun tam aradan qaldırılması barədə hələ rəsmi məlumat verməyiblər.

İstifadəçilərə telefonun parametrlərindən tətbiqlər bölməsinə daxil olaraq “WhatsApp”ın fotolara giriş icazəsini yoxlamaq tövsiyə olunur.

Daimi və tam giriş əvəzinə yalnız seçilmiş fotolara giriş icazəsinin verilməsi və ya “WhatsApp”ın qalereyaya çıxışının tamamilə bağlanması mümkün riskləri azalda bilər.