PSJ-nin qapıçısı Matvey Safonovun “Flamenqo” ilə qitələrarası kubokun finalının (1:1, pen-2:1) penaltilər seriyasında etdiyi 4 qurtarış böyük rezonans doğurub.
Rusiyalı qapıçı FİFA turnirləri tarixində ardıcıl 4 penalti zərbəsini dəf edən ilk qolkiper olub.
Seriyada Matveyə kömək edən əsas detallardan biri dəsmalda gizlədilmiş köməkçi qeydlər olub. Rəqiblərin zərbələrindən əvvəl qapıçı dəsmalı açaraq oyunöncəsi hazırlanmış qeydləri yaddaşında təzələyib.

Bu anlardan birində misirli jurnalist Məhəmməd Elhosar qapıçıya aid köməkçi qeydləri lentə almağa nail olub. Məlum olub ki, Safonovun dəsmalında “Flamenqo” futbolçularının penalti zərbələri ilə bağlı ətraflı məlumat yer alıb. Oyunçuların adları, fotoları, nömrələri və hansı ayaqla zərbə vurduqları qeyd edilib.

Braziliyanın statistik portalı “Noite de Copa” bildirir ki, həmin qeydlərdə futbolçuların penaltini qapının hansı hissəsinə vurduğu və bunun nə dərəcədə uğurlu olduğu da göstərilib. Yaşıl rəng futbolçunun son penalti zərbəsinin qol olduğunu, qırmızı rəng isə son cəhdin uğursuz alındığını ifadə edir.




