“Süni intellektlə mübarizədə insan hələlik qalib gəlir. Ən azı döyüş meydanında” – “Quança” (Çin)

Süni intellekt hərbi komandanlığı əvəz edib döyüşlərdə qələbə qazana bilərmi?

Süni intellekt hərbi sahəyə sürətlə daxil olsa da, döyüş meydanında tam komandanlığı öz üzərinə götürə bilməz. Səbəb isə insan düşüncəsinin əsas üstünlüyü olan uyğunlaşma və yaradıcılıq qabiliyyətinin süni intellektdə olmamasıdır.

Bu barədə Çinin “Quança” nəşri yazıb.

Nəşr yazır ki, hazırda süni intellekt qərargah əməliyyatlarında, silah sistemlərinin idarə edilməsində və erkən xəbərdarlıq sistemlərində istifadə olunur. Lakin onun tam şəkildə hərbi rəhbəri əvəz edib-edə bilməyəcəyi sual olaraq qalır.

İnsan düşüncəsinin əsas üstünlüyü

Məqalədə qeyd olunur ki, insan zəkasının süni intellekt qarşısında əsas üstünlüyü dəyişən şəraitə uyğunlaşmaq bacarığıdır. İnsan daim yeni strategiyalar və gözlənilməz həll yolları yarada bilir. Süni intellekt isə əsasən mövcud məlumatlara əsaslanır və verilənlər bazasında olan nümunələrdən ən optimal nəticəni seçir. O, böyük həcmdə məlumatları sürətlə təhlil edə bilər, lakin insanın yaradıcı yanaşmasını və strateji manevr qabiliyyətini tam əvəz edə bilməz.

Süni intellektin məhdudiyyətləri

Nəşrə görə, süni intellekt real vaxtda daxil olan yeni məlumatlarla çaşdırıla bilər. Bundan başqa, onun qərarlarında etik və hüquqi sərhədlər problemi də qalır. Müharibədə belə müəyyən qaydalar mövcuddur: mülki şəxslərə qarşı qeyri-seçici hücumların qadağan olunması, hərbi cinayətlərin qarşısının alınması və əsirlərlə rəftar normaları kimi prinsiplər insan qərarlarını tələb edir.

Ekspertlər hesab edir ki, ən vacib qərarları yenə də insanlar verməlidir. Süni intellekt səhvləri azaltmaq, böyük həcmli qərargah işlərini sürətləndirmək və hərbi əməliyyatlar üçün variantlar hazırlamaq baxımından mühüm üstünlüklərə malikdir. Lakin son qərar vermək səlahiyyəti hələ də insanlarda qalır.