Dünyanın ən qapalı su hövzəsi – Xəzər dənizi ilbəil dayazlaşır. Proqnozlara görə, dənizdə suyun səviyyəsi bütün müşahidələr dövrü ərzində ən aşağı həddə düşüb. Səviyyə Baltik yüksəkliklər sisteminə əsasən 29 metr azalıb. Bu, 1990-cı illərin ortalarından bəri davam edən sabit azalma prosesinin kulminasiya nöqtəsidir.
Mütəxəssislərin proqnozlarına görə, əsrin sonuna qədər suyun səviyyəsi daha 9-18 metr düşə bilər. Bu isə dənizin sahəsinin təxminən ¼ qədər kiçilməsinə səbəb olacaq.
Bəs Xəzər dənizi niyə quruyur, bunun hansı təsirləri olacaq?
Xəzər dənizi quraq regionun iqlimini tənzimləyən sistem kimi çıxış edir, həmçinin Mərkəzi Asiya və Qafqazın yağıntı və rütubətlə təmin olunmasında mühüm rol oynayır.
Zəngin bioloji müxtəlifliyi ilə məşhur olan Xəzər dənizində təxminən 850 heyvan növü yaşayır, 500 bitki növünə ev sahibliyi edir. Bəzi hesablamalara görə, dənizdə 48 milyard barel neft və 292 trilyon kubmetr təbii qaz ehtiyatı mövcuddur.
Bu gün Xəzər dənizi sahilində yerləşən beş ölkə – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran yüklərinin böyük hissəsini dəniz vasitəsilə daşıyır. Əgər dənizin səviyyəsi aşağı düşməkdə davam edərsə, Xəzər vasitəsilə yükdaşımaların həcmi də kəskin şəkildə azalacaq. Bu isə sahilyanı ölkələrin iqtisadiyyatlarına ciddi mənfi təsir göstərəcək.
“Yaşıl Dünya” Ekoloji Maartifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Teleqraf-a deyib ki, Xəzər dənizinin dayazlaşması son illərdə regionun ən böyük ekoloji problemlərindən birinə çevrilib:
“Qlobal iqlim dəyişikliyi, temperaturun yüksəlməsi, buxarlanmanın intensivləşməsi və su balansının pozulması dənizin dayazlaşmasını sürətləndirən əsas amillər sırasındadır”.

QHT sədri bildirib ki, Xəzərin çəkilməsi ilə bağlı son 10 ilin statistikası acınacaqlıdır:
“2016-2025-ci illərdə aparılmış peyk müşahidələrinə əsasən, dənizin su səthinin sahəsi təxminən 11 216 kvadratkilometr azalıb. Su səviyyəsi 1,33 metr aşağı düşüb. Bəzi şimal-şərq sahillərində suyun geri çəkilməsi 20 kilometri ötüb”.
Ekspertin fikrincə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri qlobal iqlim dəyişikliyi nəticəsində regionda orta illik temperaturun yüksəlməsidir:
“Temperatur artdıqca dəniz səthindən buxarlanma intensivləşir və su itkisi sürətlənir. Dayazlaşmanı sürətləndirən digər mühüm amil Volqa çayının hövzəsində yağıntı rejiminin dəyişməsi və dənizə daxil olan suyun həcminin azalmasıdır. Digər çayların su ehtiyatlarından kənd təsərrüfatında, sənayedə və kommunal təsərrüfatda geniş istifadə edilməsi də Xəzərə çatan suyun miqdarına təsir göstərir.
İqlim modelləri regionda istiləşmənin davam edəcəyi təqdirdə buxarlanma ilə yağıntı arasındakı balansın daha da pozula biləcəyini göstərir. Xəzərin qapalı su hövzəsi olması da onu iqlim dəyişikliklərinə qarşı daha həssas edir, çünki dənizin dünya okeanına təbii su axını yoxdur.
Beynəlxalq ekspertlər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, Xəzərin ekosisteminə, biomüxtəlifliyə, balıq ehtiyatlarına və sahilyanı ərazilərin sosial-iqtisadi həyatına ciddi zərbə dəyə bilər. Bir zamanlar sahillərində həyat qaynayan, balıqçılıq təsərrüfatlarının və iaşə müəssisələrinin fəaliyyət göstərdiyi, minlərlə insana çörək qazandıran sərt qayaları, qəzəbli dalğaları ilə yazarlara ilham verən, sahillərində neçə-neçə insanın xatirəsini yaşadan bu möhtəşəm su hövzəsinin günbəgün qurumasını müşahidə etmək çox ağırdır. Biz illərdir Urmu gölünün qurumasını təəssüflə seyr edirik, yazırıq, etiraz edirik. İndi özümüz eyni durumla üz-üzə qalmışıq”.
Elman Cəfərli hesab edir ki, Xəzərin geri çəkilməsi yalnız təbiətin problemi deyil, həm də iqtisadiyyata, insanların sosial rifahına və bütövlükdə regionun gələcəyinə təsir göstərən ciddi ekoloji həyəcan siqnalıdır.
Xəzər dənizində suyun səviyyəsinin azalması XX əsrin əvvəllərində başlayıb. 1930-1941-ci illərdə hər il orta hesabla 14,7 sm azalma müşahidə olunubsa, 1941-1978-ci illər ərzində bu göstərici ildə təxminən 3 santimetr təşkil edib. Sonralar proqnozların əksinə olaraq, 1978-1995-ci illərdə suyun səviyyəsi yüksəlməyə başlayıb və ildə orta hesabla 15 santimetrdən çox artıb. Amma bu tendensiya uzun müddət davam etməyib – 1995-ci ildən etibarən suyun səviyyəsi yenidən azalmağa başlayıb.
Qurumaya bir sıra amillər səbəb ola bilər.

İqlim dəyişikliyi və onun təsiri ilbəil güclənir. Xəzər dənizinə 100-dən çox müxtəlif çayların suları tökülür, onların 6-sı daha böyük hesab olunur. Bunlar Volqa, Ural, Terek, Kür, Sulak və Samur çaylarıdır. Yağıntıların az olması səbəbindən yüksək dağlardakı buzlaqlar əriyir. Nəticədə çayların səviyyəsi aşağı düşür və Xəzərə tökülən suyun miqdarı da azalır. Məsələn, son dörd ildə Volqa çayının illik axını 210–232 kub kilometr təşkil edib. Bu göstərici uzunillik orta səviyyə olan 250 kub kilometrdən xeyli aşağıdır. Volqa Xəzərə tökülən bütün çay sularının 80 faizini təmin edir. Bu, suyun səviyyəsinin azalmasında əsas amillərdən biridir.
Çaylardan kənd təsərrüfatı, sənaye və kommunal ehtiyaclar üçün fəal şəkildə su götürülməsi ümumi su balansına mənfi təsir göstərir. Xüsusilə, çayların qarşısının bəndlərlə kəsilməsi, üzərində su elektrik stansiyalarının və su anbarlarının tikintisi artıb. Həmçinin Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən suyun duzsuzlaşdırılması işləri sürətlənib. Bu dövlətlər içməli su çatışmazlığı səbəbindən dəniz suyunun şirinləşdirilməsinə üstünlük verirlər. Nisbətən ucuz başa gəldiyinə görə, böyük həcmdə su əldə etməkdə maraqlıdırlar. Duzsuzlaşdırılmış sudan yalnız içməli su və kənd təsərrüfatı ehtiyacları üçün deyil, həm də “yaşıl hidrogen” istehsalında istifadə olunur. Bu zaman 1 meqavat enerji əldə etmək üçün 5 ton duzsuzlaşdırılmış su tələb olunur.
Xəzərin zəngin təbii ehtiyatları və sahilyanı ölkələrdə genişmiqyaslı hasilat işləri nəticəsində dənizin çirklənmə səviyyəsi də artır. Karbohidrogenlərin hasilatı Xəzərin səviyyəsinin azalmasını üç yolla sürətləndirir: hasilat prosesində istixana qazları atmosferə buraxılır, yağıntılar azalır və quruma prosesi güclənir; torpaq eroziyası artır və suyun miqdarı azalır; həmçinin su birbaşa çirkləndirilir.
Yükdaşımaların həcminin kəskin artması da burada önəmli rola malikdir. Rusiyanın Ukraynaya hücumundan sonra Transxəzər dəhlizinin əhəmiyyəti xeyli artıb. Çünki bu dəhliz Rusiya ərazisindən keçən Şimal dəhlizinə alternativ hesab olunur. Çin məhsulları dəmir yolu ilə Aktauya gətirilir, oradan gəmilərə yüklənərək Bakıya göndərilir, daha sonra isə Gürcüstan və ya Türkiyə vasitəsilə Avropaya çatdırılır. Dünya Bankının hesablamalarına görə, 2030-cu ilə qədər Orta dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çatacaq və bunun 4 milyon tonu Xəzər dənizi vasitəsilə daşınacaq. Bu isə karbon qazı emissiyalarını daha da artıraraq suyun buxarlanma sürətini gücləndirir.
Xəzər dənizində suyun səviyyəsinin azalması XX əsrin əvvəllərindən müşahidə olunsa da, ekoloji problemlərin həllinə yönəlmiş ilk birgə tədbirlər yalnız 2003-cü ildə qəbul edilib. Həmin il beş sahilyanı dövlət ilk dəfə razılığa gələrək Xəzər dənizinin mühafizəsi ilə bağlı ayrıca sənəd imzalayıb. Amma bu, gözlənilən nəticəni verməyib. Yalnız 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya qəbul edilib.
Konvensiya ilə Xəzərin akvatoriyası daxili sulara, ərazi sularına, balıqçılıq zonalarına və ümumi su sahəsinə bölünüb. Amma bu razılaşma da hələ tam qüvvəyə minməyib. Konvensiya ümumi prinsipləri müəyyən etsə də, dəniz dibinin bölüşdürülməsi ilə bağlı hər bir dövlət arasında xüsusi ikitərəfli sazişlərin imzalanması tələb olunur. Bu sazişlər hələ də tam rəsmiləşdirilməyib. Bunun arxasında müxtəlif geosiyasi və iqtisadi maraqlar dayanır.

Məsələn, Rusiya və İran Transxəzər boru kəmərinin tikintisində maraqlı deyil. Çünki Orta dəhliz onların tranzit monopoliyasını zəiflədir. Bundan əlavə, Rusiya iqtisadi maraqları səbəbindən Volqa çayının axınını tənzimləmək istəmir. Nəticədə Xəzər dənizinə tökülən çayların axını dəqiq standartlar əsasında idarə olunmayan vəziyyətdə qalır.
Elman Cəfərli xatırladıb ki, Xəzəryanı dövlətlərin zirvə görüşlərində də dəfələrlə dənizin dayazlaşmasının təkcə ekoloji deyil, həm də ciddi iqtisadi və strateji təhlükə yaratdığı dəfələrlə vurğulanıb:
“2026-cı il oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində qeyd olundu ki, dənizin səviyyəsinin azalması sahilyanı ərazilərdə iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Dayazlaşma limanların fəaliyyətini və Xəzər üzərindən yükdaşımaları çətinləşdirir, gəmi kanallarının dərinliyinin azalması əlavə texniki və maliyyə xərcləri yaradır. Həmin toplantıda Azərbaycan sahillərində suyun geri çəkilməsi nəticəsində təxminən 30 min hektar yeni quru sahənin yarandığı xüsusilə vurğulandı”.
Elm adamlarının fikrincə, qlobal istiləşmə hazırkı sürətlə davam edərsə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi təxminən daha 9-18 metr aşağı düşə bilər. Temperatur daha sürətlə artarsa, suyun səviyyəsinin 20 metrədək azalacağı proqnozlaşdırılır. Bu halda dənizin kifayət qədər dayaz olan şimal və şimal-şərq hissələrində çox böyük ərazilər üzə çıxacaq və səhraya çevrilə bilər. Nəticədə dənizin qurumuş dibindəki qumlar Mərkəzi Asiya, Qafqaz və İranın ekologiyası üçün ciddi təhlükəyə çevriləcək.
QHT sədrinin sözlərinə görə, Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq və ekoloji fəsadlarını minimuma endirmək üçün ciddi addımlar atılmalıdır:
“İlk növbədə beş Xəzəryanı dövlət -Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran vahid ekoloji fəaliyyət strategiyası hazırlamalıdır. Dövlətlər dənizin su balansına təsir edən amilləri, xüsusilə Volqa və digər çayların su ehtiyatlarının istifadəsini birgə araşdırmalı, su axınının qorunması istiqamətində razılaşdırılmış tədbirlər görməlidirlər. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, çay hövzələrinin mühafizəsi və sənaye tullantılarının Xəzərə axıdılmasının qarşısının alınması regional əməkdaşlığın prioritet istiqamətləri olmalıdır. Dənizin səviyyəsi, suyun keyfiyyəti, biomüxtəliflik və sahil xəttindəki dəyişikliklər vahid monitorinq sistemi vasitəsilə mütəmadi izlənilməlidir. Ən əsası, Xəzərin ekoloji problemləri ayrı-ayrı ölkələrin deyil, bütün regionun ortaq məsuliyyəti kimi qəbul edilməli və qəbul olunan qərarların icrasına real nəzarət təmin olunmalıdır”.

Arktikadan gələn hava axınlarının bir hissəsinin Xəzər üzərindən keçdiyini, formalaşan külək axınlarının isə əsasən şimaldan cənuba və qərbdən şərqə doğru əsdiyini nəzərə alsaq, dənizin yerində yaranan səhradan qalxan qum fırtınaları regionda onsuz da ağır olan ekoloji vəziyyəti daha da pisləşdirə bilər.
Elman Cəfərli əlavə edib ki, ölkəmizdə də Xəzərin dayazlaşmasının yaratdığı təhlükələrə qarşı milli səviyyədə uzunmüddətli ekoloji fəaliyyət proqramı hazırlamalıdır:
“Adaptasiya tərbirlərinə ciddi məbləğdə maliyyə ayrılmalıdır. İlk növbədə, sahilyanı ərazilərdə ekoloji monitorinq gücləndirilməli, dəniz ekosisteminə təsir göstərən sənaye və məişət tullantılarının qarşısının alınması üçün nəzarət mexanizmləri sərtləşdirilməlidir. Xəzərə tökülən çayların, su-bataqlıq ərazilərinin və təbii ekosistemlərin qorunması, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Sahilboyu ərazilərdə plansız tikintilərin, təbii landşaftın pozulmasının və biomüxtəlifliyə zərər vuran fəaliyyətlərin qarşısı alınmalıdır. Cəmiyyətdə su resurslarına qənaətlə bağlı maarifləndirmə tərbirləri gücləndirilməlidir. Vətəndaşlar su israfına yol verməməli, məişət tullantılarını dənizə və sahil ərazilərinə atmamalı, ekoloji qaydalara əməl etməlidirlər. Xəzərin qorunması yalnız dövlət qurumlarının və ekoloqların deyil, hər bir vətəndaşın məsuliyyətinə çevrilməlidir”.



