Bel çevrəsinin ölçüsü ölüm riskindən xəbər verir: Alimlərdən gözlənilməz nəticə

Həm bel çevrəsinin həddindən artıq böyük, həm də çox kiçik olması ölüm riskini artırır. Bu nəticəyə Cənubi Koreyada 17,2 milyondan çox insanın sağlamlıq məlumatlarını araşdıran alimlər gəlib.

Tədqiqatın nəticələri “Journal of Epidemiology and Community Health” jurnalında dərc olunub.

Araşdırmaya görə, ölüm riskinin ən aşağı olduğu bel çevrəsi kişilərdə 80-94, qadınlarda isə 75-89 santimetrdir. Bu göstəricilərdən hər iki istiqamətdə kənarlaşma riskin artması ilə əlaqələndirilib.

Alimlər müəyyən ediblər ki, bel çevrəsinin hər 5 santimetr artması kişilərdə ölüm riskini 16 faiz, qadınlarda isə 14 faiz yüksəldir.

Tədqiqatçılar həmçinin bildiriblər ki, bədən çəkisini azaltmaqdan daha çox bel çevrəsinin kiçilməsi faydalı ola bilər. Bel çevrəsinin 5 santimetr azalması, çəki indeksi dəyişməsə belə, daha aşağı ölüm riski ilə əlaqələndirilib.

Alimlər vurğulayıblar ki, nəticələr müşahidə xarakterlidir və bel çevrəsinin dəyişməsinin birbaşa ömür uzunluğuna təsir etdiyini sübut etmir. Göstəricilər yaş, cins və bədən kütləsi indeksi nəzərə alınmaqla qiymətləndirilməlidir.