Böyük Britaniyanın “The Economist” jurnalı gələn ilin əsas təhlükə və hadisələrinə həsr olunmuş “The World Ahead 2027” adlı illik xüsusi buraxılışının üz qabığını təqdim edib.
Müəlliflər dünyanı siyasi çalxalanmalar, maliyyə böhranları və süni intellektlə əlaqəli yeni təhlükələrin gözlədiyini düşünürlər.
Təqdim olunan illüstrasiyada qlobal münaqişələrin, iqtisadi qeyri-sabitliyin və texnoloji dəyişikliklərin simvolları öz əksini tapıb. Şəkil artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub: istifadəçilər orada gələcək fəlakətlər və dünya nizamının dəyişməsi ilə bağlı gizli ismarışları tapmağa çalışırlar.

Proqnozun ən mühüm mövzularından biri ABŞ-dəki vəziyyətə həsr edilib. Müəlliflərin fikrincə, 2027-ci ildə Donald Trampın siyasi irsi uğrunda fəal mübarizə başlayacaq, prezident özü isə rəqibləri ilə qarşıdurmanı kəskinləşdirərək yeni xarici siyasət addımları ata bilər. İqtisadi ehtimallar da kifayət qədər narahatlıq doğurur. “The Economist” dövlət istiqrazları bazarında mümkün böhran, inkişaf etmiş dövlətlərin artan borcları və süni intellektlə bağlı şirkətlərin iflas təhlükəsi barədə xəbərdarlıq edir. Kiberhücumlar, eləcə də İranla mümkün müharibənin enerji və ərzaq təhlükəsizliyinə təsiri məsələlərinə xüsusi diqqət ayrılır.
Beynəlxalq risklər sırasında Tayvan məsələsi xüsusi vurğulanır. Jurnal Çin ordusunun adaya qarşı ehtimal olunan əməliyyata 2027-ci ildə hazır olacağı ilə bağlı gözləntiləri xatırladır. Avropada isə əsas hadisələrdən biri Fransada keçiriləcək prezident seçkisi olacaq. Burada Marin Le Penin ehtimal olunan qələbəsi ciddi siyasi və maliyyə silkələnmələrinə gətirib çıxara bilər.
İnternet istifadəçiləri üz qabığının daha sərt yozumlarını da irəli sürürlər. Bunların arasında qlobal kiberhücum, bank təşvişi, Rusiya və NATO arasında toqquşma, eləcə də yeni maliyyə sisteminə keçid yer alır. Lakin bu ssenarilər redaksiyanın rəsmi proqnozlarına deyil, sadəcə təsvirin cəmiyyət tərəfindən müzakirələrinə aiddir.
Geosiyasətlə yanaşı, müəlliflər yeni iqlim rekordlarının qeydə alınacağını, arıqlamaq üçün dərmanların inkişafını və kosmik uçuşların ucuzlaşacağını da proqnozlaşdırırlar. Bu xüsusi buraxılış jurnalın 21 noyabr tarixli nömrəsinə daxil ediləcək, ayrıca çap versiyası isə noyabrın 26-da satışa çıxarılacaq.



