Yeməyi belə yeyirsinizsə, sağlamlığınızı təhlükəyə atırsınız – Xəbərdarlıq

Yeməyi sürətlə yemək həzm problemlərinə və artıq çəkiyə səbəb ola bilər.

Diyetoloq Vaqner dos Reys bu vərdişin sağlamlıq üçün ciddi fəsadlar törədə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, yemək tələsik qəbul edildikdə kifayət qədər çeynənmir. Nəticədə iri qida parçaları mədəyə düşür və həzm sistemi onları parçalamaq üçün daha çox güc sərf etməli olur. Bu isə narahatlıq yarada bilər.

Həkim qeyd edib ki, yemək zamanı danışmaq, qidaları yaxşı çeynəmədən udmaq və tələsmək udulan havanın miqdarını artırır. Bu da gəyirmə və qarında köp kimi əlamətlərə səbəb olur.

Diyetoloq sürətli yeməyin həddindən artıq qidalanma ilə də nəticələnə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, toxluq hissi həzm sistemindən beyinə ötürülən siqnallarla formalaşır və bu proses müəyyən vaxt tələb edir. Buna görə də insan sürətlə yemək yeyərkən artıq doyduğunu vaxtında anlamaya və normadan artıq qidalana bilər.