Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulların müntəzəm istehlakı isə ürək-damar sistemi və digər sağlamlıq problemləri ilə bağlı riskləri artıra bilər. Noyabrın 16-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hövsan qəsəbəsində yerləşən ət emalı müəssisəsində keçirdiyi yoxlama zamanı işlənmiş fritür yağları aşkarlanıb. Müəssisədə digər ciddi qida təhlükəsizliyi pozuntuları da müəyyən edilib. Bu fakt ictimai iaşə və qida istehsalı müəssisələrində istifadə olunan yağların keyfiyyətinə nəzarət məsələsini yenidən gündəmə gətirir.
Bəs fritür yağının dəfələrlə istifadəsi insan orqanizmində hansı fəsadlara yol aça bilər? Belə yağlarda hansı zərərli maddələr yaranır? İstehlakçı restoranda və ya digər iaşə obyektində təqdim olunan yeməyin hansı yağda hazırlandığını müəyyən edə bilərmi?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, fritür yağının dəfələrlə, xüsusilə də yüksək temperaturda və uzun müddət istifadə edilməsi onun kimyəvi tərkibində ciddi dəyişikliklərə səbəb olur. Belə yağlarda oksidləşmə və parçalanma məhsulları, aldehidlər və digər zərərli birləşmələr əmələ gəlir. Bu maddələrin mütəmadi olaraq qida vasitəsilə orqanizmə daxil olması hüceyrələrə oksidativ zərər verə, iltihabi prosesləri gücləndirə, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskini artıra bilər. Bundan əlavə, yağın keyfiyyəti və dadı dəyişir, qidanın təhlükəsizliyi və qida dəyəri aşağı düşür.
İstehlakçının yeməyin hansı yağda hazırlandığını yalnız görünüşünə və ya dadına əsasən müəyyən etməsi mümkün deyil. Yağın dəfələrlə istifadə edilməsi hər zaman qidanın rəngində və dadında aydın hiss olunmaya bilər. Buna görə də ictimai iaşə və qida istehsalı müəssisələri istifadə etdikləri yağların keyfiyyətinə, saxlanma şəraitinə və dəyişdirilmə müddətinə nəzarət etməlidirlər. İstehlakçı isə müəssisədən bu barədə məlumat tələb edə, şübhəli hallarla qarşılaşdıqda AQTA-ya müraciət edə bilər. Əsas məsələ odur ki, istifadə olunmuş yağın təkrarən qida hazırlanmasında tətbiqi iqtisadi qənaət naminə insan sağlamlığını riskə atmamalıdır.
Sağlam qidalanaraq sağlam yaşayın!



