Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər

Adi ipoteka kreditləşməsi üzrə növbəti limitləri ayırması mənzil bazarında tələbatın artmasına səbəb ola bilər. Bu isə xüsusilə orta qiymət seqmentində mənzillərin bahalaşması ehtimalını gündəmə gətirir.

Yeni limitlərin ayrılması mənzil almaq istəyən, lakin kifayət qədər şəxsi vəsaiti olmayan vətəndaşların bazara çıxış imkanlarını genişləndirə bilər. Xüsusilə ipoteka şərtlərinə uyğun, münasib qiymətli mənzillərə tələbatın artacağı gözlənilir.

Hazırda Bakıda mənzillərin 1 kvadratmetrinin orta median qiyməti təxminən 2 810 manatdır. Rayonlar üzrə qiymətlər fərqlənir. Belə ki, Nərimanov rayonunda 1 kvadratmetr mənzil 3 254 manat, Nəsimidə 3 156 manat, Səbaildə 3 100 manat, Yasamalda 2 923 manat, Nizamidə 2 869 manat, Xətai rayonunda 2 700 manat, Binəqədidə 2 592 manat, Suraxanıda 2 208 manat, Abşeronda isə 1 690 manat civarındadır.

Bu göstəricilərə əsasən, Bakıda 60 kvadratmetrlik mənzilin orta qiyməti təxminən 168 600 manat təşkil edir. Otaq sayına görə isə 1 otaqlı mənzillərin qiyməti təxminən 130 min manat, 2 otaqlı mənzillərin qiyməti 175 min manat, 3 otaqlı mənzillərin qiyməti 265 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 430 min manat səviyyəsindədir.

İpoteka kreditlərinə əlçatanlığın artması mənzil bazarında satış aktivliyini yüksəldə bilər. Xüsusilə orta qiymətli mənzillərə tələbin artması həmin seqmentdə qiymətlərə təsir göstərə bilər. Əgər bazarda mənzil təklifi tələbatın artımını qarşılaya bilməsə, müəyyən ərazilərdə qiymətlərin yüksəlməsi mümkündür.

Bununla belə, ipoteka limitlərinin ayrılması mənzil qiymətlərinin mütləq bahalaşacağı anlamına gəlmir. Qiymətlərin dinamikası ayrılan kredit limitlərinin həcmi, müraciətlərin sayı, əmlak bazarında təklif və alıcıların ödəmə qabiliyyətindən asılı olacaq.