Qəbiristanlıqda sui-qəsd: Ukrayna kəşfiyyatı Rusiyanın dövlət məmurunu öldürmək istədi

Moskvada Troekurovskoye qəbiristanlığında Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan yüksək rütbəli rusiyalı məmurun öldürülməsinin qarşısı alınıb.

Bu barədə FSB məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti, Rusiyanın yüksək rütbəli dövlət məmuru Troekurovski qəbiristanlığında yaxın qohumunun dəfnində iştirak edərkən ona qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna xüsusi xidmət orqanları terror aktını törətmək üçün 4 nəfəri cəlb edib.

“Müəyyən edilib ki, Ukrayna xüsusi xidmət orqanları dövlət məmuruna sui-qəsdin hazırlanması üçün Mərkəzi Asiya regionundan qeyri-qanuni miqrantı və Moskvada saxlanılan əvvəllər məhkum olunmuş Rusiya Federasiyasının iki narkoman vətəndaşını, habelə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən yenidən axtarışda olan 1979-cu ildə anadan olmuş Şəmsov Cəloliddin Qurbanoviçi cəlb ediblər”, – FSB-nin bəyanatında deyilir.