Öyrəntilər həyatımıza nə qatır?

Onların bir çoxu həyatımızı qurur. Bir çoxu da fərqli nizamlar, anlayışlar, könül durumları yaradır.
Yaşam öyrəntilərsiz bir heçdir. Yaradılış da, işləm də olmadan…
Həyat öyrəntilərlə başlayır və onunla da davam edir.
Fərqli qavrayışlar, bacarıqlar, maraqlar həyat yollarını ayırsa da, heç bir yolda tək qalmırıq.
Mənim yazdıqlarım öyrənti olmasa da, qəlblərin həyat misallarının xatirəmizdə həkk olunması arzusunun simasıdır.
Bu simalar sonsuzdur, daimidir və yaşam ehtiyacımızın ayrılmaz dayağıdır.
Öyrəntilərin də dayağa ehtiyacı var — biliklərə, mənəvi və psixiki durumların aydınlığına, həyata, sevgiyə, dünyəvi maraqlara və s.
Bizim də öyrəntilərə ehtiyacımız var: niyə yaşayırıq, necə yaşayırıq, niyə yaşayaq?
Öyrəntilər həyatımıza bir çox rifahlar qatsa da, suallar bitmir.
Demək ki, öyrəntilərə də son vermirik.
Dünyəvi öyrəntilər elmi tapıntılarla birgə hər bir insanın adi fikrindən də yaranır, həyata baxışlarımıza aydınlıq gətirir.
Hər öyrənti bir simadır — həyati, dünyəvi durumların simvolik siması…
Biz dəyişmirik, bizi həyat dəyişdirir, öyrəntilər dəyişdirir, dünya dəyişdirir.
Qəlbimizi yox, durumumuzu, anlayışımızı, arzularımızı, baxışlarımızı, düşüncələrimizi…
Bu dediklərim hamıya aid olmasa da, çoxluğa tabedir.
Bir çoxlarının öyrənmək istədikləri yalnız şəxsi həyatının rifahı yoludur.
Bu rifahı maddi və fiziki durumlarında görənlər dünyəvi öyrəntilərə maraqdan uzaqdır.
Amma hər birimiz onu da bilməliyik ki, həyatımızı yalnız özümüz idarə etmirik, dünyəvi durumlar da idarə edir.
Öyrəntilər qiymətə cəmlənib. Onun da necə dəyişdiyinə hər kəs şahiddir.
Demək, öyrəntilər daha artıq maddi vəsait qazanmaq yoluna cəmlənir.
Eybi yox, bu da çox vacibdir.
Amma öyrəntilərin düzgün, lazımi cəmlənmə yolu da öyrəntilərə bağlıdır.
Həyatda nə qazansaq, onu necə idarə etsək də, öyrəntilərimizdən asılı olacağıq.
Öyrənməsək, bizi idarə edənlərin himayəsi altında qalacağıq.


Sənubər Səhər