Kimyaterapiya hər zaman ağır fəsadlara və saç tökülməsinə səbəb olmur.
Bunu onkoloq Maqomed Sulimanov “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, kimyaterapiyanın orqanizmə təsiri fərdidir və tətbiq olunan müalicə sxemindən, eləcə də xəstənin sağlamlıq vəziyyətindən asılıdır. Müalicə zamanı ürəkbulanma, halsızlıq və digər yan təsirlər yaransa da, müasir tibbdə onların əksəriyyətini nəzarətdə saxlamaq mümkündür.
Sulimanov həmçinin kimyaterapiyadan sonra hər kəsdə saçların töküldüyü fikrinin doğru olmadığını vurğulayıb. O qeyd edib ki, xüsusilə hədəfli (target) preparatlarla aparılan müalicə zamanı saç tökülməsi riski xeyli azalır.
Onkoloq xərçəng müalicəsi dövründə ət və şirniyyatın qadağan edilməsi ilə bağlı fikirləri də yanlış adlandırıb. Onun sözlərinə görə, bu müddətdə orqanizmin kifayət qədər zülal və enerji qəbul etməsi vacibdir. Buna görə də xəstələrin qida rasionunda ət, quş əti və ya balıq olmalı, şirniyyat isə normada qəbul edilə bilər.




