Kəpənəklərin əksəriyyəti cəmi bir neçə həftə yaşasa da, beynəlxalq tədqiqatçılar qrupu onların arasında uzunömürlüləri aşkar edib. Məlum olub ki, bəzi növlər öz yaxın qohumlarından 25 dəfə çox, yəni demək olar ki, bir il yaşaya bilir.
Tədqiqatın nəticələri elm aləmi üçün maraqlı məqamlar ortaya çıxarıb.
Təbiətdə heyvanların ömür uzunluğu ciddi şəkildə dəyişir. Bəzi növlər bir neçə dəqiqə, digərləri isə əsrlərlə yaşayır. Kəpənəklər ənənəvi olaraq ən qısa ömürlü həşəratlardan hesab olunur: onların bir çoxu yetkin fərdə çevrildikdən sonra cəmi bir neçə həftə yaşayır.
Həşəratların ömrünə hansı amillərin təsir etdiyini müəyyənləşdirmək üçün alimlər “Heliconiini” qəbiləsinə aid on kəpənək növü üzərində məlumatları təhlil ediblər. Bu məqsədlə çöl müşahidələri, nişanlama və təkrar tutulma proqramları, həmçinin canlı kəpənək sərgilərindən əldə edilən materiallardan istifadə olunub.
Nəticələr gözlənilməz olub. Maksimal qeydə alınan ömür uzunluğu “Dione juno” növündə 14 gün, “Heliconius hewitsoni” kəpənəyində isə 348 gün təşkil edib. Müəlliflərin sözlərinə görə, yaxın qohum olan növlər arasında belə böyük fərq əvvəllər yerüstü heyvanlar arasında demək olar ki, müşahidə edilməyib.
Tədqiqatçıların diqqətini xüsusilə “Heliconius” cinsinə aid kəpənəklər cəlb edib. Onlar elmdə yetkin dövrdə yalnız nektarla deyil, həm də bitki tozcuqları ilə qidalanan yeganə kəpənəklərdir. Məhz bu cinsin nümayəndələri uzunömürlülük üzrə rekordçular olublar. Onların orta maksimal ömrü təxminən 177 gün olduğu halda, tozcuqla qidalanmayan yaxın növlərdə bu göstərici təxminən 58 gün təşkil edib.
Bundan əlavə, uzunömürlü kəpənəklər daha yavaş yaşlanma, həyat boyu ölüm ehtimalının azalması və hətta daha yaxşı fiziki forma nümayiş etdiriblər. Tədqiqatçılar qeyd edirlər ki, onlar tutma gücünə görə öz qohumlarını üstələyiblər, alimlər bunu obrazlı şəkildə insanın ştanq qaldırma nəticələri ilə müqayisə ediblər.
İşin müəllifləri vurğulayırlar ki, bu qeyri-adi uzunömürlülüyün səbəbləri hələ tam aydın deyil. Gələcək tədqiqatlar genetika, qidalanma və həyat tərzi xüsusiyyətlərinin hansı rolu oynadığını müəyyən etməyə kömək edəcək. Perspektivdə heyvanlarda ləng yaşlanma mexanizmlərini başa düşmək insanın yaşlanma proseslərini öyrənmək üçün də faydalı ola bilər.




