İnsan öldükdən sonra bədəndə hansı proseslər baş verir? Bu sual ətrafında çoxsaylı miflər dolaşsa da, tibbi mütəxəssislər ölümün ardınca orqanizmdə baş verən dəyişikliklərin elmi izahının olduğunu bildirirlər.
Bu prosesləri əks etdirən “The Infographics Show” layihəsində akademik məlumatlara əsaslanan rəqəmsal simulyasiya hazırlanıb. Klivlend Klinikasının mütəxəssislərinin məlumatlarına əsasən, ürək, beyin və tənəffüs fəaliyyətinin dayanması orqanizmdə bir-biri ilə əlaqəli mürəkkəb bioloji dəyişikliklər zəncirinin başlanğıcıdır.
İlk dəqiqələr: bədən boşalır və soyumağa başlayır
Ürək dayandıqdan sonra qan dövranı kəsilir və əzələlər ilkin olaraq boşalır. Bu zaman çənənin aşağı düşməsi, eləcə də sidik kisəsi və bağırsaqların spontan boşalması mümkündür.
Bununla paralel olaraq algor mortis – bədənin tədricən soyuması prosesi başlayır. Bədən temperaturunun düşmə sürəti ətraf mühitin temperaturu, geyim, bədən quruluşu və digər amillərdən asılıdır.
Qan aşağı hissələrə toplanır
Qan dövranı dayandıqdan sonra cazibə qüvvəsinin təsiri ilə qan bədənin aşağı hissələrində toplanır. Nəticədə dəridə qırmızı-bənövşəyi ləkələr əmələ gəlir. Bu proses livor mortis adlanır və məhkəmə-tibbi ekspertizada ölüm vaxtının müəyyənləşdirilməsinə kömək edən əlamətlərdən biridir.
Bir neçə saat sonra isə rigor mortis, yəni ölüm sərtliyi yaranmağa başlayır. Əzələlər tədricən sərtləşir və bu proses bir müddət sonra bütün bədənə yayılır.
Maraqlı məqamlardan biri də budur ki, ölümündən sonra insanın üzündə yaranan ifadə onun son anlarda keçirdiyi emosiyanı mütləq əks etdirmir. Üz əzələlərindəki dəyişikliklər bioloji proseslərin nəticəsi ola bilər.
Saç və dırnaqlar həqiqətən uzanırmı?
Ölümdən sonra saç və dırnaqların böyüməsi geniş yayılmış miflərdən biridir. Əslində isə onların böyüməsi baş vermir.
Bədən susuzlaşdıqca dəri quruyur və büzüşür. Nəticədə saç və dırnaqlar əvvəlkindən daha uzun görünə bilər. Yəni bu, real böyümə deyil, optik illüziyadır.
Bədən özünü parçalamağa başlayır
Ölümdən sonra hüceyrələrdə avtoliz adlanan proses başlayır. Oksigen çatışmazlığı nəticəsində hüceyrələrin daxili mühiti dəyişir və onların tərkibindəki fermentlər hüceyrə strukturlarını parçalamağa başlayır.
Daha sonra orqanizmin immun müdafiəsi dayandığı üçün bədəndə yaşayan mikroorqanizmlər toxumaların parçalanmasında əsas rol oynayır.
Çürümə və qazların yaranması
Parçalanma prosesində müxtəlif qazlar əmələ gəlir. Bu qazların toplanması bədənin şişməsinə, dəridə dəyişikliklərin yaranmasına və üz cizgilərinin dəyişməsinə səbəb ola bilər.
Lakin parçalanmanın sürəti bütün insanlarda eyni olmur. Temperatur, rütubət, həşəratların fəaliyyəti, bədənin yerləşdiyi mühit və basdırılma şəraiti bu prosesə ciddi təsir göstərir.
Son mərhələdə yumşaq toxumalar tədricən parçalanır və uyğun şəraitdə geridə əsasən skelet qalır.
Beləliklə, ölümdən sonra baş verənlər filmlərdə və internetdə yayılan bir sıra miflərdən fərqli olaraq, orqanizmdə gedən mürəkkəb və ardıcıl bioloji proseslərin nəticəsidir.



