Hakerlər britaniyalı siyasətçilərin fərdi məlumatlarını sızdırıblar

Böyük Britaniyada üç hava limanının operatoruna kiberhücum edən hakerlər siyasətçilərin, hakimlərin, məşhurların, müdafiə sektoru əməkdaşlarının və hərbçilərin fərdi məlumatlarını darknetdə yayıblar.

Cinayətkarlar, həmçinin Böyük Britaniya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarından birinin planlaşdırılan fəaliyyəti ilə bağlı məxfi məlumatları da dərc ediblər.

Bundan əlavə, parlament əməkdaşlarının, DİN, İngiltərə Bankı əməkdaşlarının və hərbi qulluqçuların səfərləri ilə bağlı məlumatlar da ictimaiyyət üçün əlçatan olub.

Xatırladaq ki, avqustun sonunda “The Guardian” qəzeti Mançester, İst-Midlends və London Stansted hava limanlarının kiberhücuma məruz qaldığını yazmışdı. Həmin vaxt hakerlərin təxminən 8.7 milyon müştərinin məlumatlarına giriş əldə etdiyi bildirilirdi.