Qapınıza reklam broşürlərinin asılmasına görə cərimə nəzərdə tutulur? – Qanun nə deyir? – VİDEO

Reklam bir məhsulun, xidmətin və ya ideyanın geniş kütlələrə tanıdılması və satışı üçün istifadə olunan ən effektiv marketinq vasitəsidir.

Oxu.az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu evlərin qapılarına reklam broşürlərinin qoyulması ilə bağlıdır.

Qapınıza reklam broşürü asıla bilər?

Yəqin ki, bir çox hallarda mənzilinizin qapısına müxtəlif obyektlərin, dönərxanaların reklam broşürlərinin asıldığını ilə rastlaşmısınız.

Yəni, dönərxananın məhsul və başqa xidmətləri tanıdan bu vərəqə reklamdırsa və sizin qapınızın üzərinə yerləşdirilibsə, məsələ açıq məkanda reklam qaydaları baxımından qiymətləndirilə bilər.

“Reklam haqqında” Qanuna görə, bayıra açılan qapıların çöl tərəfində yerləşdirilən reklam açıq məkanda reklam hesab olunur.

Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra açılan qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Açıq məkanda reklam yerləşdirilməsi isə qanunla müəyyən edilmiş tələblərə tabedir və bəzi hallarda bunun üçün müvafiq icazə tələb olunur.

Bu qaydaların pozulmasına görə sanksiyalar da müəyyənləşib.

İcazə sənədləri olmadan reklam yerləşdirilməsi və yayımlanması İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə səbəb olur. Buna görə, fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1 500-2 500 manat, hüquqi şəxslər 5 000-10 000 manat məbləğində cərimə edilirlər.