Moskva yaxınlığında “qara yağış” müşahidə olunub

Moskva vilayətində yerləşən Balaşixa şəhərinin Jeleznodorojnı mikrorayonunda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.

Rusiya mətbuatının yaydığı məlumata görə, güclü yağışdan sonra ərazidə “qara yağış” izləri müşahidə edilib. Sakinlər avtomobillərin kuzovlarında, pəncərə səthlərində və geyimlərdə qara rəngli çöküntülərin qaldığını bildiriblər.

Hadisənin yanıq qoxusu ilə müşayiət olunduğu və çöküntülərin vizual olaraq neft məhsullarına bənzədiyi qeyd olunur.

Bəzi ehtimallara görə, bu vəziyyətin Moskva neft emalı zavodunda baş vermiş yanğınla əlaqəli ola biləcəyi bildirilir. Lakin bu iddia rəsmi şəkildə təsdiqlənməyib və araşdırma davam edir.