1970-80-ci illərin məşhur sitkomlarındakı rolları ilə tanınan britaniyalı aktyor Riçard O’Sallivan 82 yaşında vəfat edib.
Bu barədə “Mirror” nəşri “Royal Variety Charity” xeyriyyə təşkilatına istinadən məlumat yayıb.
O’Sallivan ömrünün son illərini keçirdiyi, əyləncə sənayesi nümayəndələri üçün nəzərdə tutulan “Brinsworth House” qocalar evində dünyasını dəyişib. Təşkilatdan bildirilib ki, sənətkar ailəsinin əhatəsində, hüzur içində vəfat edib.
Aktyor daha çox 1970-ci illərdə yayımlanan “Evdəki kişi” komediya serialında canlandırdığı Robin Tripp obrazı ilə populyarlıq qazanıb. Daha sonra o, bu personajı “Robinin yuvası” sitkomunda da oynamağa davam edib. Sənətkar, həmçinin “Dik Törpin” macəra serialında baş rolu ifa edib və “Mən və rəfiqəm” komediyasında çəkilib.
O’Sallivan karyerasına hələ 1950-ci illərdə uşaq ikən başlayıb. 1963-cü ildə o, Elizabet Teylorun iştirak etdiyi “Kleopatra” tarixi filmində Misir hökmdarı XIII Ptolomey rolunda çıxış edib. Aktyor 2003-cü ildə insult keçirdikdən sonra “Brinsworth House” mərkəzində məskunlaşmışdı.



