Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

“Akeso” və “Summit Therapeutics” biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb.

Klinik sınaqların üçüncü mərhələsində preparat təxminən 10 il ərzində müalicənin “qızıl standartı” sayılan məşhur pembrolizumab dərmanından daha yaxşı nəticə göstərib.

Preparatın III faza üzrə randomizə edilmiş klinik tədqiqatı olan HARMONi-2 göstərib ki, yeni terapiya eyni vaxtda iki istiqamətdə təsir edir. Dərman şiş hüceyrələrinin immun sistemindən gizlənməsinə kömək edən PD-1 zülalını və bədxassəli törəməni qan damarları ilə təmin edən VEGF zülalını bloklayır.

Əvvəllər alimlər onkologiyanın yastıhüceyrəli formasında ölümcül qanaxma riski səbəbindən bu cür bloklayıcı kombinasiyalardan istifadə etməyə ehtiyatla yanaşırdılar. Lakin yeni molekulun təhlükəsizlik göstəriciləri yüksək olduğuna görə Çində bu məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla da gələcək klinik sınaqlara cəlb oluna biləcək xəstələrin sayı artırılıb.